Azərbaycan İsraillə İran arasında baş verənlərdən narahatdır və bu səbəbsiz deyil.
Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib.
O, İsrail və İran arasında olan qarşıdurmanın, təbii olaraq, region, xüsusilə də Azərbaycan üçün arzuedilən olmadığını önə çəkib:
“İsrailin Azərbaycan üçün tərəfdaş ölkə olması, İranın isə qonşu ölkə olması bizi maksimum şəkildə ehtiyatlı olmağa məcbur edir. Biz baş verənlərdən narahatıq və bu da səbəbsiz deyil. İlk olaraq ona görə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə özü-özlüyündə ölkəmiz üçün humanitar problemə yol aça bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi Azərbaycan üçün istər-istəməz çətinlik yaradar.
İkincisi, bu müharibə Azərbaycanın əsas silah tədarükçülərindən biri olan İsraili özünün silah təlabatının təmin edilməsinə fokuslaya bilər ki, bu da bizə lazım olan silah və texnikanın ötürülməsində çətinliklərə yol aça bilər. İran ərazisindən tranzit istifadə imkanlarımız da təhlükə altındadır. Bakıdan Naxçıvana və əks istiqamətdə avtobusların hərəkəti dayandırılıb, həm bu marşrut üzrə, həm də Türkiyədən İran vasitəsilə Azərbaycana və buradan da digər istiqamətlərə daşınmalar da aktiv hərbi əməliyyatlar səbəbilə dayandırılıb. Bir sıra ölkələrə təyyarə reyslərinin dayandırılması turizm sektoruna da mənfi təsirlər göstərməyə başlayıb. Xüsusilə yay aylarında İran və İsraildən ölkəmizə turizm axınının olduğu məlumdur. İndiki şərtlərlə bu da mümkünsüz olub”.
Politoloq qeyd edir ki, İran və İsrail arasındakı mövcud vəziyyət Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə birbaşa təsir etməsə də, müharibənin sərhədlərimizdə getməsi Azərbaycanın, Ermənistanın İranla qonşu dövlət olması bu istiqamətdə də öz təsirlərini göstərəcək. Dünyanın diqqəti artıq demək olar ki, İran və İsrail arasında müharibəyə fokuslanıb. Hər gün gündəmi zəbt edən Rusiya–Ukrayna müharibəsi belə arxa fona keçib. Təbii ki, belə vəziyyət Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə də təsir edir”.
R.Bayramov ümumən hesab edir ki, bu müharibənin Azərbaycana siyasi, sosial, humanitar təsirləri ola bilər:
“Dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq. Maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır. Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin artırılması, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də digər fəaliyyətlərin həyata keçirilməsi lazımdır”.