ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları iyunun 19-da Qubaya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq simpoziumun iştirakçıları Qubada Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anıblar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Səfərin iştirakçıları – 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksi ilə yaxından tanış olublar.
Bildirilib ki, kompleksin “ASAN xidmət” mərkəzində vətəndaşlara 30 növdən çox xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmət, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil edilib. Quba “ASAN xidmət” mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərir.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Beynəlxalq simpoziumun iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.