AZ

İsrail-İran savaşı bahalaşmaya səbəb olub

İsrail-İran

İsrail-İran münaqişəsi enerji qiymətlərinin artmasına səbəb olduqdan sonra palma və soya yağı da bahalaşıb. Tramp administrasiyası dizel və benzinə əlavə olunan bioyanacaq miqdarının artırılmasını təklif edib.

Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, soya yağının qiyməti 11 faiz artaraq 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb - hər funt üçün 55 sentdən çox, yəni təxminən 0,45 kq. Tədarük çoxluğu səbəbindən bu il ucuzlaşan palma yağının qiyməti bu həftə 6 faizdən çox artaraq bir ton üçün təxminən 962 dollara çatıb.

İsrailin İrana hava hücumlarına başlamasından bəri Brent markalı neftin qiymətinin təqribən 8 faiz artması nəticəsində bu yeməli yağlar daha ucuz enerji mənbələri axtarışı fonunda tələb olunur.

Sinqapurda yerləşən “Phillip Nova” broker şirkətinin əmtəə strateqi Darren Lim deyib ki, bu sıçrayışın əsas sürücüsü bu münaqişə səbəbindən enerji və neft qiymətləridir. O əlavə edib ki, yeyinti yağının qiymətləri taxıl və neft qiymətlərindən sonra gəlir:

“Yüksək enerji qiymətləri palma yağı istehsalının maya dəyərini, eləcə də alternativ enerji mənbəyi kimi bioyanacaqlara potensial tələbatı artırır”.

Həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin neft emalı zavodlarının dizel və benzinə qarışması lazım olan bioyanacağı gələn il 8 faiz artıraraq rekord həddə - 24,02 milyard qalona çatdırmaq təklifi də qiymətlərin artmasına təkan verib.

İran-İsrail münaqişəsi “qara qızıl”ın tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar fonunda və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi qərarını gözləyərək yenidən bahalaşıb. Brent markalı neftin fyuçersləri 26 sent bahalaşaraq barreli 76,71 dollara, Amerikanın WTI markalı neftinin fyuçersləri isə 35 sent artaraq 75,19 dollar çatıb.

Eyni zamanda, Avropada qazın qiymətləri artıq altıncı gündür ki, artmaqdadır, çünki İsrail və İran arasındakı münaqişə Hörmüz boğazından daşınma ilə bağlı narahatlıqları artırıb. Beləliklə, fyuçerslər 1,4 faiz bahalaşaraq meqavat-saat üçün 40 avroya yaxınlaşıb.

V. QULİYEV

Seçilən
2
1
reyting.az

2Mənbələr