Telegram messencerinin qurucusu Pavel Durov ABŞ prezidenti Donald Trampın siyasətini tənqid edərək, onun etdiklərini bəyənmədiyini bildirib...
Poliqon xəbər verir ki, o, bu barədə Fransanın Le Point qəzetinə müsahibəsində danışıb.
"Mən onun bütün hərəkətlərini bəyənmirəm, lakin hesab edirəm ki, Donald Trampın sosial şəbəkələrdə fəaliyyətini qadağan etmək səhv və hətta çox təhlükəli idi. Bu, müəyyən presedent yaradıb", deyə Durov bildirib.
Milyarder 2021-ci ildə Trampın sosial şəbəkələrinin kütləvi şəkildə bloklanmasını xatırladıb. Durovun sözlərinə görə, əgər ictimaiyyət həmin vaxt ABŞ-ın keçmiş prezidentinə bunu etməyə icazə veribsə, o zaman istənilən şəxsə qarşı edə bilər.
Bundan əvvəl Durov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun mesajlarına cavab vermir. Sahibkarın sözlərinə görə, Makron sonuncu dəfə Fransa hakimiyyətinin Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə cəhdi ilə bağlı bəyanatından sonra ona məktub yazıb. Telegram-ın təsisçisi ona cavab vermədiyini bildirib və prezidentlə şəxsi görüşdən imtina edəcəyini vurğulayıb.
Poliqon.info