AZ

Deputat: “Riyaziyyat fənninin keyfiyyətli tədrisi üçün sistemli addımlar atılmalıdır”

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib ki, riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, əvvəlki dövrlərə nəzər yetirdikdə, Azərbaycan riyaziyyat sahəsində regionda aparıcı mövqe tutub:

“Ölkəmizin riyaziyyat müəllimləri yalnız daxildə deyil, həm də beynəlxalq səviyyədə, o cümlədən Qardaş Türkiyədə də fəaliyyət göstərərək bu sahəyə mühüm töhfələr vermişlər. Bu nailiyyətlər, şübhəsiz ki, Azərbaycan təhsilinin güclü elmi bazasına əsaslanırdı. Lakin son illərdə bəzi bölgələrdə riyaziyyat tədrisinin səviyyəsində müəyyən geriləmələrin müşahidə olunması narahatlıq doğurur. Görünən odur ki, bəzi müəllimlər gənclərin riyazi biliklərinə kifayət qədər önəm vermirlər. Bu isə, təbii olaraq, ümumi nəticələrə və gənclərin gələcək inkişafına mənfi təsir göstərir”.

Deputat qeyd edib ki, riyaziyyat təkcə bir fənn deyil, eyni zamanda bütün elm sahələrinin əsasını təşkil edən bir bilik sahəsidir:

“Bu sahədə bacarıqlı və motivasiyalı gənclərin yetişdirilməsi üçün müəllimlərin peşəkarlığı və məsuliyyəti həlledici rol oynayır. Buna görə də müəllimlərin bilik və bacarıqlarına nəzarətin gücləndirilməsi, onların davamlı olaraq peşəkar inkişafına dəstək verilməsi vacibdir. 

Riyaziyyat fənninin daha keyfiyyətli tədrisi üçün sistemli addımlar atılmalı, tədris resursları yenilənməli, innovativ və tətbiq yönümlü metodikalar tətbiq olunmalıdır. Yalnız bu yolla biz ölkə olaraq riyaziyyat sahəsindəki əvvəlki uğurlarımızı bərpa edə və daha böyük nailiyyətlərə doğru irəliləyə bilərik”.


Leyla Turan 
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr