Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda ilk rəqəmsal universitet modelini həyata keçən ali təhsil müəssisəsinə çevrilir.
"Report" xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov universitetinin 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, UNEC xüsusi tarixi ilə seçilən universitetdir:
"Azərbaycan ali təhsil tarixində bu qədər enişli və yoxuşlu yol keçən ikinci universitet yoxdur. Onun inkişaf trayektoriyası Azərbaycan ali təhsilinin inkişaf trayektoriyasını sanki təkrarlayır. Amma ali təhsil sistemindən fərqli olaraq, bu universitetin eniş anlarında eniş daha dərin, yüksəlişi isə daha yüksək olub".
O qeyd edib ki, universitetin potensialını reallaşdırmaq üçün zəruri addımlara ehtiyac var:
"Bu gün UNEC regionda ilk rəqəmsal universitet modelini həyata keçən universitetə çevrilir. Universitetimiz bu gün süni intellektin təhsil prosesində elmi tədqiqatların təşkili işinə inteqrasiyası üzərində xarici mütəxəssislərlə birgə layihə reallaşdırır".
Rektor vurğulayıb ki, "QS World University Rankings" son hesabatına əsasən, UNEC dünyanın ən yaxşı 801-850-ci universitet səviyyəsində yüksəlib, halbuki keçən il bu göstərici 1001-1200 idi.