AZ

Kontakt Home müştəriləri narazıdır- "Şikayətlərə baxan yoxdur"

Kontakt Home mağazalar şəbəkəsi ilə bağlı istehlakçı şikayətləri var. AzPost xəbər verir ki, bir çox müştəri şirkətdən aldıqları məhsulların natamam çatdırıldığını, geri qaytarma prosedurunun isə qeyri-şəffaf və ləng aparıldığını bildirir.

Şikayətçilərdən biri olan Şənlik Paşayev qeyd edir ki, sifariş etdiyi məhsul natamam şəkildə çatdırılıb və bu məsələ ilə bağlı on dörd gündür qaynar xəttlə əlaqə saxlamasına baxmayaraq heç bir nəticə əldə olunmayıb. “Hər zəngimdə yalnız gözləməyimi istəyirlər, amma heç bir real addım atmırlar”, – deyə o bildirib.

Digər müştəri isə iyunun birində aldığı iPhone 15 cihazına əlavə olaraq, xəbəri olmadan 150 manatlıq quraşdırma xidməti və dəyərsiz işsizlik sığortası əlavə olunduğunu iddia edir. Onun sözlərinə görə, bu əlavə xərclər barədə məlumat verilmədən müqaviləyə daxil edilib.

Şirkətin sosial media hesablarında bu tip şikayətlərə verilən cavablar isə oxşardır – “Narahat olmayın, sizinlə əlaqə saxlayacağıq” – deyə cavablandırılır. Lakin bəzi istifadəçilər bu cavabların yalnız ictimaiyyəti sakitləşdirməyə yönəldiyini və real həll təklif etmədiyini deyirlər.

İstehlakçı hüquqları üzrə ekspertlər bildirir ki, belə hallarda alıcılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şəkildə müraciət etməlidir. Eyni zamanda, məhsulun tam təqdim olunmaması və əlavə xidmətlərin razılaşdırılmadan tətbiqi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Kontakt Home hələlik bu şikayətlərin ətraflı araşdırılması və ictimaiyyətə açıq izahat verilməsi ilə bağlı rəsmi açıqlama yaymayıb.

AzPost.az

Seçilən
3
1
azpost.info

2Mənbələr