AZ

50 il əvvəl Aydan gətirilən şüşənin sirri açıldı

1972-ci ildə "Apollon-17" missiyası zamanı Aya gedən astronavtlar Yerə qaytardıqları torpaq nümunələri ilə birlikdə miniatür şüşə kürəciklər də gətirmişdilər. Ancaq o vaxt bu materialların sirrini açmaq mümkün olmamışdı.
 
"Space" nəşrinin məlumatına görə, yalnız müasir texnologiyalar bu şüşələrin mənşəyini aydınlaşdırmağa imkan veriblər.
 
Alimlər müəyyən ediblər ki, bu kürəciklər Ayda 3.3-3.6 milyard il əvvəl baş verən vulkanik partlayışlar nəticəsində formalaşıblar. Həmin dövrdə Ayın səthində güclü lava axınları müşahidə olunub və bu proses nəticəsində "Ay dənizləri" adlanan tünd rəngli düzənliklər yaranıb.
 
Tədqiqatçılar atom tomoqrafiyası və elektron mikroskopiya metodlarından istifadə edərək kürəciklərin əmələ gəlmə şəraitini - temperatur, təzyiq və kimyəvi tərkibini öyrəniblər. Məlum olub ki, kürəciklərin səthindəki, qalınlığı cəmi 100 nanometr olan təbəqələr vulkanik qazların kondensasiyası nəticəsində çöküntü əmələ gətiriblər.
 
Ən maraqlısı isə odur ki, qara və narıncı kürəciklərin kimyəvi tərkibi bir-birindən kəskin şəkildə fərqlənir. Qara kürəciklərdə daha çox sink sulfid kristallarına rast gəlinib. Bu da Ayın vulkanik şəraitində zamanla baş verən dəyişiklikləri göstərir.
 
Bu kəşf Ayın geoloji keçmişini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Seçilən
7
1
moderator.az

2Mənbələr