AZ

Ağdamlılar Böyük Qayıdış yolunda

2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub

Erməni vandallarının 30 il “Qafqazın Xirosiması”na çevirdiyi, daşını daş üstündə qoymadığı, Azərbaycan Ordusunun rəşadəti ilə azadlığına qovuşduqdan sonra yenidən qurulan, dirçələn, inkişaf etməyə başlayan Ağdam hər gün dağıntıları, qəlb ağrıdan mənzərələri bir az da geridə qoyur. Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlər sanki bizə bu şəhərin yaxın gələcəkdəki möhtəşəm mənzərəsindən xəbər verir. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın yadigarı olan “İmarət” kompleksi bu bölgənin xalqımızla bağlı dünənindən soraq verirsə, müasir sənaye parkı, gözəl şəhərlərə layiq mehmanxana, təməli qoyulan yeni obyektlər bizim bu yurdun həqiqi sahibi olmağımızın təsdiqi, Ağdamın əvvəlkindən də böyük, yaraşıqlı, əzəmətli sabahının ilk nişanələri, parlaq timsalıdır.

Qeyd edək ki, 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyuldu və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı. 2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev daha bir neçə vacib obyektin təməlinin atılması, bir neçə obyektin açılışı  üçün yenidən Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi. Belə ki, Ağdamı qaranlıqdan çıxaracaq 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. İşğaldan azad edilmiş ərazilərimiz üçün təsdiqlənən ilk Baş plan kimi tarixə düşmüş Ağdamın Baş planı əsasında hazırda mövcud çətinliklərə, dağıntıların miqyasının genişliyinə və mina təhdidinə baxmayaraq, yenidənqurma, bərpa və quruculuq işləri müasir şəhərsalma prinsipləri əsasında sürətlə davam etdirilir. Bir sözlə, bu gün Ağdam geniş tikinti meydançasını xatırladır. Burada aparılan genişmiqyası bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Məsələn, bu ili mayın 10-da Prezident İlham Əliyevin Ağdama səfəri Qarabağın dirçəliş yolunda növbəti mühüm addım kimi tarixə yazıldı. Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Muğam Mərkəzinin açılışı Ağdamın sosial-iqtisadi və mədəni həyatına yeni nəfəs gətirdi. Kəngərli kəndində icra, təhsil və uşaq müəssisələrinin istifadəyə verilməsi Böyük Qayıdışın real nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Ağdama səfəri təkcə simvolik bir tarixə təsadüf etmədi, həm də işğaldan azad olunan ərazilərdə dövlətin sistemli və mərhələli şəkildə həyata keçirdiyi bərpa prosesinin davamlılığını təsdiqlədi. Bu səfər 30 ilə yaxın bir müddətdə dağılmış, talan edilmiş bölgələrin necə çevik şəkildə dirçəldildiyini, Azərbaycanın öz ərazi bütövlüyü üzərində suverenliyini praktiki addımlarla necə möhkəmləndirdiyini bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində dəmir yolu və avtovağzal kompleksinin istifadəyə verilməsi Ağdamın gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr regionun nəqliyyat əlaqələrinin bərpası və inteqrasiyası baxımından mühüm rol oynayacaq. Görülən işlər təkcə yerli əhalinin rahatlığını təmin etməklə kifayətlənmir, həm də Qarabağın Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya prosesini sürətləndirir. Muğam Mərkəzinin açılışı isə Qarabağın mədəni irsinin bərpasına verilən önəmi əks etdirirdi. Ağdam bir zamanlar muğamın beşiyi hesab olunurdu və bu mərkəzin açılması mədəni həyatın yenidən canlandırılmasına ciddi bir töhfədir. Balaca xanəndələrin ifası, xüsusilə də “Qarabağ şikəstəsi”nin səsləndirilməsi, bu torpaqlarda yaşanan ağrının, qürurun və qələbənin səsini daşıyırdı. Prezidentin bu anlarda kövrəlməsi və ayağa qalxaraq alqışlaması, sadəcə bir siyasi jest deyil, dərin milli-mənəvi bağlılığın təzahürü idi.

Bu günlərdə ölkə başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.Xatırladaq ki, Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

İşğaldan azad olunan Ağdam şəhərinə isə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri inşa olunacaq. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun mətbuata verdiyi açıqlamaya görə, Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub: “Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. İlin sonunadək 5, gələn il 10, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub”.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr