Özəl pensiya fondları daha şəffaf pensiya sistemi qurmağa şərait yarada bilər — İqtisadçı
Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, özəl pensiya fondlarının fəaliyyətə başlaması vətəndaşlar üçün əlavə imkanlar yaradacaq:
“Ən vacib məqamlardan biri isə bu sistemin icbari deyil, könüllü əsasda qurulmasıdır. Yəni vətəndaş öz istəyi ilə bu sistemə qoşulur və bu da ona əlavə seçim hüququ verir. Mövcud dövlət pensiya sistemi vətəndaşların iştirakını məcburi edir. Lakin özəl pensiya fondları fərdi yanaşma və çeviklik baxımından daha üstün hesab olunur. Vətəndaşlar öz sərmayələrini daha şəffaf, idarəolunan və müxtəlif investisiya alətlərində yerləşdirə biləcəklər.
Hazırda qanunvericilikdə bu sahə ilə bağlı müəyyən boşluqlar qalmaqdadır. Lakin aidiyyəti qurumlar tərəfindən normativ sənədlərin hazırlanması gözlənilir. Dünya Bankının təcrübəsinə əsasən, özəl pensiya fondları yüksək çeviklik, sərbəstlik və vaxtında ödəniş üstünlükləri ilə fərqlənir.
Eyni zamanda iştirakçılar üçün risklərin azaldılması və gəlirlilik imkanlarının artırılması bu sistemin əsas üstünlüklərindəndir. Beləliklə, özəl pensiya fondları gələcəkdə daha rəqabətli və şəffaf bir pensiya sistemi qurmaq üçün mühüm addım ola bilər”.
Leyla Turan
Demokrat.az