AZ

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin 21 iyunda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə təşkil olunur. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir. Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.

Layihəyə əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.

Seçilən
27
apa.az

1Mənbələr