Yay heç çür gəlmək bilmir.
İstiləri deyirəm.
Mia.az bildirir ki, iyunun 1-dən Bakıda və bəzi bölgələrdə, xüsusilə dənizkənarı yerlərdə istirahət yerləri dəniz və hovuz mövsümünü açıq elan edib. Küləkli və sərin havada cəlbedici olmasa da, insanlar bu yerlərə gedir.
Keçən ildə olduğu kimi yenə də sosial şəbəkələrdə mövsümün əsas müzakirə mövzusuna çevrilib ictimai çimərlik yerlərində canlı, sosial şəbəkə istifadəçilərinin diliylə desək, “qlobal” açanlar.
Bu cür canlı efirlər adətən, çoxlu izləyici yığır. Böyük əksəriyyət əsasən qadınların görüntüsünə görə yığışır efirə. Efir sahibi izləyici sayı artsın deyə, onların istəyinə uyğun olaraq kameranı müxtəlif şəxslərə yönəldir. Məsələn, izləyici yazır: “sağdakı göy kupalnikdəki “maska”nı göstər”. Və budur, kamera o xanımı böyük formatda ekrana gətirir. Bu efirlər həmçinin izləyicilərin kameraya düşən qadınlara alçaldıcı, tərbiyəsiz ifadələri ilə zəngin olur, hamı dərhal efiri paylaşır, bir-birinə xəbər verir və beləliklə, efiri açan adamın da sosial şəbəkə akkauntunun dərəcəsi qalxır.
Bu efirlər təkcə izləyici yığmır. Onlar dediyim kimi, qadınların təhqirinə rəvac verir və ən təhlükəlisi, çimərlik geyimində olan qadınların görüntülərinin qanunsuz olaraq yayılmasına şərait yaradır. Çünki efirlər həm də izləyicilər tərəfindən videoqeydə alınır. Bu videogörüntülərin sonradan şantaja səbəb olduğunu da hamımız yaxşı bilirik.
Araşdırmaya çox tanınmış “See Breaze” istirahət yerindən başladım.
Məncə, prestijinə hörmət edən istirahət mərkəzləri bu tipli yayımların qarşısının alınmasında özü təşəbbüs göstərməlidi. Çünki insanlar belə məkanlara girişindən tutmuş, yeməyinə qədər pul xərcləyir. Hım pulu gedir, həm də şərəfi təhqir olunur, şantaj təhlükəsi ilə üz-üzə qalır. Mən müşahidə etmişəm, istirahət mərkəzləri bəzən özləri belə hallara göz yumur, yayıma qadağa qoymağa tələsmir: müştəri sayını artıqmaq və reklam üçün bu yayımlar onlara əl verir. Çünki qazanan onlardı, bu yayım da sadəcə, pulsuz reklamdan başqa bir şey deyil.
Bir neçə gün sonra daha bir qrup izləyicinin təkidi ilə digər canlı yayımları izləməyə başladım. Çox gərgin anlar keçirdim. İnanın, siz də mənim yerimə olsaydınız, əsəbiləşəcəkdiniz.
Bir tərəfdən də saysız mesajlar gəlir: “Sağdakı valiki göstər”, yaxud “sola çək, ayağı düşsün”.
Zəng etdim inzibatçıya. “Niyə qadınları göstərirsiniz?”.
Cavablar “möhtəşəm”: “Yaxından göstərmirik”, “Üzləri düşmür”, “Özləri icazə verib”(?????!!!), “Öz işimizdi, özümüz bilərik”, “Onların əvəzindən siz niyə danışırsınız?”, “Özünü göstərmək istəməyən buraya gəlməz”.
Soruşuram: “O xanımların xəbəri var, sizin canlı yayımdan?”. Deyir, “müasir dünyadı, qlobal yayındı, heç nə deyə bilməzlər”.
Doğrudanmı heç nə deyə bilməzlər?
102 xidmətini yığıram və vəziyyəti izah edirəm. Xanım dərhal məni yönəldir müvafiq polis bölməsinə. O zamana kimi mən artıq növbəti canlı yayıma dəvət almışdım izləyicilərdən və bu dəfə qadınlar “Bilgəh Daçniki” deyilən, girişi sərbəst, “kamp plyajı” deyilən ərazidə canlı yayımda təhqirə məruz qalırdı. Yayımı açan da elə xanım idi.
“Yellə kameranı o maskalara”, - deyə yayımdakılar cuşa gəlmişdi. Xanıma yazıb “niyə qadınları göstərirsiniz”, - deyə soruşanda o, “sən xanımların vəkilisən?”, - dedi.
Həmin ərəfədə artıq Sabunçu rayon 12-ci bölmənin sahə müvəkkili əraziyə yaxınlaşmışdı, sahil boyunca müşahidə edirdi və onu görən kimi yayında olan xanım “polis gəldi”, - deyərək dərhal canlını bağladı. Hətta heyfisləndi ki, 1500 adamlıq yayımdan çıxmağa məcbur olub. Sahə müvəkkilinin təkcə ortada görünməsi kifayət etmişdi.
Polisə zəng edib təşəkkürümü bildirdim. Onlar da məsələnin ciddiyyətinin fərqindədir. İnsanın özəl həyatına müdaxilə zamanı polisin hətta ortada görünməsi belə kifayət edir.
Daha sonra növbəti bir yayımda qadınların “sərgi”yə düzüldüyünün şahidi oldum. “My.Beach.Novknani” adlanan istirahət mərkəzində yayım reklam üçün müəssisə əməkdaşı tərəfindən açılmışdı. Zəng etdim, əməkdaş dərhal üzr üstədi, yayımı bağladı və bundan sonra insanların əyləncəsi zamanı hovuzun yayımda göstərilməyəcəyini bildirdi.
Nabranda yerləşən “SeaStar” Otel İstirahət Mərkəzinin əməkdaşı hovuz kənarında canlı açaraq müəssisəni reklam edirdi və bildirdi ki, hazırda hovuzda dincələn yoxdu və sonradan insanların hovuzda istirahəti zamanı onları qəti şəkildə canlı yayıma çıxarmayacaqlar.
Araşdırma apardığım günün gecəsi də izləyicilər tərəfindən şikayətlə qarşılanan canlı yayıma rast gəldim: gecəyarısı “dachnik.camping” adıyla canlı yayım açanlar guya hansısa kampinq xidmətlərinin reklamını apardığını bildirsə də, yenə qadınlar hədəfdə idi. Çünki belə yayımlar dediyim kimi, qadınları göstərdikcə, izləyici sayı çoxalır. Fərqi yoxdu, qadın nə edir. Lap sadəcə, oturub çay içirsə, ona da söz qoşan var.
Gecəyarısı sahildə sadəcə oturan, çay içən qadınlar haqqında yayıma qoşulanlar çox alçaldıcı ifadələr yazırdı: “bu vaxtı oraya ancaq valiklər gəlir”, “kiminsə əri əldən getdi”, “qadının gecə orada nə işi var”. Mən yaym sahibinə qadınları göstərməməsini yazdım. Bloka atdı məni. Belə yayımlar guya reklam üçündü, telefonu da yazırlar. Onları tapmaq “iki vur iki” kimi bir şeydi.
Tədqiqatın növbəti gününün ən böyük başağrısı Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi oldu. Təsəvvür edin, bir günün içində nə qədər adam canlı yayım açıb qadınları məsxərəyə qoydu. Müəssisə rəhbərliyi əvvəlcə canlı yayım təşkil etmədiyini desə də, mənim fikrimcə, onlar belə yayımların prinsipial olaraq əleyhinə də deyil. Canlı yayım dediyim kimi, reklamdı onlarçün.
Əvvəlcə “Atlant”ın Bakı ofisinə zəng etdim. Bir xanım özünü təqdim etmədən “Sizə nə var qadınları göstərirlər?”, - deyə çəmkirib telefonu bağladı.
Sonra Nabran ofisini yığdım. Burada bir az üzrxahlıq etdilər: “Yəqin Bakıda başa düşməyiblər”. Xanıma dedim ki, canlı yayımda sizin mərkəzə “...Xanadı”, - yazırlar. Bu da sizə toxunmur? Doğrudan “Atlant” “...xanadı?” Xanım söz verdi ki, yayım dayanacaq.
Amma necə? Bir akkaunt bağlandı, digərindən yenidən canlı yayım açıldı. Bir gün boyunca 5 ayrı akkauntdan canlı yayım açdılar. “Atlant” neyləmək istəyirdi görəsən? Bunlar camaatı ələ salırmı?
Ya da istirahətə gedərkən elə girişdəcə belə canlı yayımlara nəzarət edilməsi üçün şərt qoymalıdı: “Mən sənə müştəri olaraq fayda verirəmsə, sən də daxili nəzarətini həyata keçir”. Hovuzların kənarına mühafizə təşkil etmək çətindi? Əlbəttə, əgər öz marağı yoxdusa, çətin deyil.
Polis üçün də çətin deyil onları tapmaq. Üstəlik, hazırkı informasiya texnologiyaları dövründə polisin də işində bu texnoloji proseslərə adaptasiya var. Canlı yayımda çəkdiyim şəkillərə əsasən o boyda sahildə polis 2 dəqiqəyə canlı yayımda olan adamı aşkar edir. Deməli, xüsusilə yay aylarında istər girişi nəzarətdə olan, istər sərbəst şəkildə olan ərazilərdə özəl həyata müdaxilə hallarının baş verməməsi üçün effektiv fəaliyyət qurmaq olar. Düzdü, polis dərhal reaksiya verir. Amma düşünürəm ki, yay ayları üçün bütün ölkə üzrə istirahət mərkəzlərinə bu xüsusda tapşırıq verilməli, sərbəst girişi olan yerlərə isə sahə müvəkkilləri və yaxud post-patrul səviyyəsində nəzarət üçün daxili təlimat verilməlidi.
Zülfiyyə Mustafayeva
MİA.AZ