ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Türkiyədəki Kürecik və İncirlik bazaları dərhal Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçməlidir. Türkiyə bu bazaları milliləşdirməlidir. Çünki bu bazalar həm öz ərazisində Türkiyəyə qarşı istifadə olunur, həm də qonşularımıza qarşı düşmənçilik vəzifələrini yerinə yetirirlər".
Bu sözləri Oxu.Az-a eksklüziv müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek deyib.

- Cənab sədr, bu müharibə təkcə bugünkü deyil, keçmiş sivilizasiyaların da yarımçıq qalmış hesablaşmalarının enerjisini daşıyırmı?
- Müasir dünyada qlobal qütbləşmələr var. Bu müharibənin əsasını keçmişin düşmənçilikləri deyil, bu günün qlobal qütbləşməsi təşkil edir. Bu müharibəni qlobal güclər gətirib. Bu gün dünyamızda iki cəbhə var: birincisi, ABŞ-ni ağa kimi görən cəbhədir, ikincisi isə müstəqilliyini qoruyub saxlamaqla firavan yaşamaq istəyən cəbhədir. İran inkişaf etməkdə olan dünyanın bir hissəsidir. İsrail isə ABŞ mərkəzli cəbhənin qoludur.
- Bu müharibənin Suriya və İraqda yaratdığı güc boşluğu Türkiyənin hərbi varlığına yeni öhdəliklər gətirirmi?
- Bəli, Türkiyə baxımından ciddi öhdəliklər yaranır. Lakin bu öhdəliklər İranla dostluğa əsaslanaraq deyil, Türkiyənin gələcəyini qorumaq baxımından gündəmə gətirilir. İsrailin bölgəmizdəki strateji hədəfi "Kürdüstan" adı altında ikinci İsrail dövləti qurmaqdır. ABŞ-nin İraq və Suriyanı parçalaması və hər iki ölkədə PKK-nı dəstəkləməsi faktlarını bir araya gətirdiyimiz zaman aydın olur ki, ABŞ və İsrail Yaxın Şərqdə yeni bir "Kürdüstan" qurmaq istəyirlər. İstər Şimali İraqda qurduqları struktur olsun, istərsə də Suriyada PYD-yə verdikləri dəstək olsun, məqsəd bu strukturun Aralıq dənizinə yolunu açmaqdır. Son 30-40 illik proseslərə nəzər saldıqda görürük ki, ABŞ və İsrail bu çərçivədə böyük səylər göstəriblər. Ona görə də bu planın son hədəfi İran deyil, birbaşa Türkiyədir. Sualınıza qayıtsaq, bəli, Türkiyənin bu prosesdə tarixi məsuliyyətləri var. Bu kontekstdə PKK-nın özünü ləğv etməsi, silahı yerə qoyması və Abdullah Öcalanın göstərdiyi qətiyyət Türkiyə üçün mühüm qazancdır.
- Müharibə Livana, Yəmənə və ya Fars Körfəzinə sıçrayarsa, Türkiyənin Şərqi Aralıq dənizi və Qırmızı dəniz siyasəti necə inkişaf edəcək?
- Türkiyənin bu çərçivədə prioritet olaraq görməli olduğu iki şey var. Birincisi, Türkiyədəki Kürecik və İncirlik bazaları dərhal Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçməlidir. Türkiyə bu bazaları milliləşdirməlidir. Çünki bu bazalar həm öz torpağında Türkiyəyə qarşı istifadə olunur, həm də qonşularımıza qarşı düşmənçilik vəzifələrini yerinə yetirirlər. Prezident ali baş komandan olaraq əmr versə, bu iş bir gecədə sona çatar. İkinci atılmalı olan addım Suriyanın şimalında PYD və digər PKK-ya bağlı ünsürlərin Türkiyə Silahlı Qüvvələri tərəfindən təcili şəkildə təmizlənilməsidir. Bu həm xarici güclərə ağır zərbə olacaq, həm də Suriyanın ərazi bütövlüyünə töhfə verəcək. İsrail və ABŞ-nin Suriyanın yeni administrasiyası ilə əməkdaşlıq etməsi ehtimalı var. Bu məqamda Suriya rəhbərliyini günahlandıra bilmərik. Onlar da öz ölkələrinin bütövlüyünü qorumağa çalışırlar. PYD və YPG kimi terror ünsürlərini öz torpaqlarından çıxarmaq üçün ABŞ və İsraillə müvəqqəti əməkdaşlıq edə bilərlər. Bu arada onu da əlavə edək ki, Abdullah Öcalan İsraili rəsmən düşmən elan edib. Bu da çox mühüm hadisədir.

- Türkiyədə sosial şəbəkələrdə və bəzi media qurumlarında Azərbaycana qarşı dezinformasiya məzmunlu hücumlar görürük. Sizcə, bu hücumlar niyə həyata keçirilir?
- Azərbaycan bizim canımızdır, qardaşımızdır. Azərbaycana qarşı istənilən hücum birbaşa Türkiyəyə hücum kimi qiymətləndirilir. Biz bunu heç bir şəkildə qəbul edə bilmərik. Hər bir dövlət öz maraqlarına uyğun olaraq öz siyasətini müəyyən etmək hüququna malikdir. Ona görə də biz Azərbaycanın müstəqil mövqeyinə hörmət etməliyik. Təbii ki, kənardan təxribatlar var. Hesab edirəm ki, Azərbaycanın əleyhinə etimadsızlıq yaymaq cəhdlərinin arxasında ABŞ dayanır.
Elçin Aslangil
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.