ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 iyun, Hikmət Əhmədov, AZƏRTAC
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.
Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.
AZƏRTAC-ın bu məqaləsində Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyəti, iki ölkə arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin Türk dünyasının birliyinin möhkəmlənməsindəki xüsusi rolu təhlil olunur.
Tarixin və gələcəyin ortaq səsi: Azərbaycan-Türkiyə münasibətləri
Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən yeni mərhələyə qədəm qoyub. Ortaq tarix, mədəniyyət və dil birliyi bu əlaqələrin daha da güclənməsinə zəmin yaradıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda, Osmanlı İmperiyasının varisi sayılan Türkiyə həmin dövrdə gənc müstəqil dövləti dəstəkləyən ilk ölkələrdən biri olub, bu münasibətlər diplomatik səviyyədə davam etdirilib. Lakin Sovet dövründə bu əlaqələr formal səviyyədə zəifləyib, daha çox qeyri-rəsmi münasibətlər şəklində yaşamağa davam edib. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə bu münasibətlər yenidən canlanıb. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb. Xüsusilə 1990-cı illərdə Türkiyə Azərbaycanın müstəqil siyasətinin formalaşması və iqtisadi inkişafının təmin olunması istiqamətində fəal dəstək göstərib. Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb.
Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib.
Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib.
Bu yaxınlıq yalnız siyasi və iqtisadi deyil, mədəni və təhsil sahələrində də özünü göstərir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi təhsil və mədəniyyət layihələri, eləcə də tələbə və müəllim mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı daha da dərinləşdirib. Bu fəaliyyətlər gələcək nəsillərin bir-birinə daha yaxın və həmrəy yetişməsinə zəmin yaratmaqla, Azərbaycan-Türkiyə qardaşlığının möhkəm və davamlı olacağını bir daha sübut edir.
Enerji körpüsü və ya iqtisadi güc birliyi
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq da son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər içərisində enerji sektoru xüsusi yer tutur. 2023-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb və bu rəqəmin hər il artması tendensiyası davam edir. Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi artıq 20 milyard dolları ötüb və yaxın illərdə bu rəqəmin daha da yüksələcəyi proqnozlaşdırılır.
Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təməl sütunlarına çevrilib. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.
2020-ci ildən tam fəaliyyətə başlayan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib. TANAP yalnız iqtisadi tərəfdaşlığı gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın və Türkiyənin rolunu əhəmiyyətli dərəcədə artırır.
Bu tərəfdaşlığın daha bir nümunəsi isə İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Uzun illər Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikası üçün bu kəmər həyati əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə prezidentlərinin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu layihə Naxçıvanın enerji təminatında yeni mərhələ açıb. Cari il martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi iki qardaş ölkənin həmrəyliyinin və ortaq enerji siyasətinin növbəti təntənəsidir. Kəmər Naxçıvanın təbii qaz ehtiyacını tam təmin etməklə yanaşı, muxtar respublikanın enerji təhlükəsizliyini gücləndirib və bir mənbədən asılılığını aradan qaldırıb.
Azərbaycan və Türkiyənin enerji sahəsində uğurla həyata keçirdiyi bu layihələr, bütövlükdə Türk dünyası üçün də yeni imkanlar açır və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Ortaq güc, ortaq təhlükəsizlik - Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığı
Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsində qurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi.
Bununla yanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daim genişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnız ikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaş ölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyini gücləndirməklə yanaşı, eyni zamanda, bütövlükdə Cənubi Qafqaz və Orta Asiya regionlarında sülhün, sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Türk dünyasının güclənməsində Azərbaycanın və Türkiyənin lider rolu
Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi və mədəni məkandır. Bu dövlətlər arasında Azərbaycan və Türkiyə yalnız qardaşlıq telləri ilə deyil, həm də lider mövqeləri ilə seçilir. Hər iki ölkə Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində əsas aparıcı qüvvə kimi çıxış edir.
2009-cu ildə təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (bugünkü Türk Dövlətləri Təşkilatı - TDT) bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım Türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyev də TDT çərçivəsində keçirilən bütün Zirvə görüşlərində türk dövlətləri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini daim vurğulayıb. Xüsusilə 2021-ci ilin noyabrında TDT-nin İstanbulda keçirilən VIII Zirvə toplantısında Prezident İlham Əliyev Türk dünyasının gələcəyinin ortaq köklər və dəyərlər üzərində qurulduğunu qeyd edərək qarşılıqlı dəstəyin vacibliyini xüsusi vurğulayıb. Dövlətimizin başçısının “Bizim ailəmiz Türk dünyasıdır” fikri bu birliyin siyasi və mənəvi əsaslarını əks etdirən ən təsirli ifadələrdən biri kimi yadda qalıb.
Prezident İlham Əliyev digər Zirvə görüşlərində də Türk dünyasının təhlükəsizlik, iqtisadiyyat və müdafiə sahələrində birləşməsinin, birgə maraqlar əsasında ortaq strategiyalar hazırlanmasının əhəmiyyətini xüsusi qeyd edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə və bu prosesdə Türkiyənin birmənalı siyasi dəstəyi Türk Dövlətləri Təşkilatı daxilində də həmrəylik nümunəsi kimi dəyərləndirilib.
Bu gün Azərbaycan ilə Türkiyə TDT-nin iqtisadi inkişafını və siyasi stabilliyini təmin edən aparıcı dövlətlər kimi çıxış edir. Hər iki ölkə təşkilat çərçivəsində birgə layihələrin həyata keçirilməsində fəal çalışır, eyni zamanda, region dövlətlərini bir araya gətirən mühüm təşəbbüslərə liderlik edir. Prezident İlham Əliyevin 2024-cü ilin fevral ayında keçirilən andiçmə mərasimində verdiyi bəyanat da bu xəttin davamı kimi diqqətəlayiqdir. Dövlətimizin başçısı deyib: “Bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu yanaşma Azərbaycanın beynəlxalq siyasətində Türk dünyasının prioritet statusunu bir daha təsdiqləyir.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi: Qardaşlığın yaşayan abidəsi
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxardı, 780 nəfərin cəsədini tapdı, ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı şəklində təqdim olundu.
Lakin bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb.
Layihənin əlamətdar məqamlarından biri 2023-cü ilin aprelin 29-da keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi oldu. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldılar. Daha sonra, 2023-cü ilin sentyabrında Naxçıvanda iki ölkə arasında bu layihəyə dair Əməkdaşlıq Sazişi imzalandı. Nəticədə 2024-cü ilin sentyabrında Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutdu. Məktəb tədrisin və uşaqların fərdi inkişafının yüksək səviyyədə təşkili üçün bütün zəruri avadanlıq və tədris materialları ilə təmin edilib.
Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan “Azərbaycan” məhəlləsi artıq ilk sakinlərini qəbul etməyə hazırdır. Sabah - iyunun 19-da isə məhəllənin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Əminliklə demək olar ki, bu layihə və göstərilən yardımlar təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunəyə çevrilib. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsinin real və canlı təzahürüdür.
Ölkələrimiz arasındakı münasibətlər təkcə diplomatik və strateji əməkdaşlıqla məhdudlaşmır, həm də xalqların könül birliyi, ortaq tarix və ortaq taleyə söykənən möhkəm qardaşlıq tellərinə əsaslanır. İki ölkənin birliyinin təməlində dayanan “Bir millət, iki dövlət” fəlsəfəsi illərdir həyata keçirilən uğurlu layihələr, ortaq təşəbbüslər və bir-birinə göstərilən dəstək vasitəsilə real məzmun qazanıb. Xüsusilə humanitar fəlakətlər zamanı nümayiş etdirilən həmrəylik, ortaq iqtisadi və enerji layihələri, hərbi və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq, Türk dünyasında birliyin möhkəmləndirilməsində aparıcı rol bu münasibətlərin mahiyyətini daha da dərinləşdirib.
Azərbaycan ilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir. Gələcəkdə də bu strateji ittifaqın daha da güclənəcəyini, ölkələrimizin Türk dünyasının və regionun rifahı, sabitliyi və inkişafı naminə mühüm layihələrə imza atacağını əminliklə söyləmək olar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.