Azərbaycanın COP29 Sədrliyi Bonn İyun İqlim Sammiti çərçivəsində iyunun 18-də Braziliyada keçiriləcək COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə COP prosesinin mürəkkəb və çoxşaxəli mahiyyəti diqqətə çatdırılıb, COP29-un uğurları və COP30-a hazırlıq prosesi müzakirə olunub, bu baxımdan “Bakıdan Belemə Yol Xəritəsi”nin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakıda yüksək səviyyədə keçirilmiş COP29 konfransının iqlim maliyyələşməsi baxımından mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Qeyd edib ki, COP29 mühüm qərarların qəbul olunduğu, inklüziv və nəticəyönümlü konfrans kimi tarixə düşüb. Bakı Konfransı mühüm bir irs formalaşdırdığı və Azərbaycanın COP29 komandasının bu təcrübəni Braziliya tərəfi ilə bölüşməyə daim hazır olduğu bildirilib.
M.Babayev COP prosesində bir sıra mühüm məsələlər barədə tövsiyələrini və Azərbaycanın təcrübəsini bölüşüb. COP29-un Prezidenti qeyri-hökumət təşkilatlarının, xüsusilə özəl sektorun prosesə aktiv cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, şəffaflığın təmin olunmasının və bu baxımdan media ilə sıx əməkdaşlığın rolunu xüsusi qeyd edib. O, Azərbaycan COP29 komandasının bu prosesdə milli media ilə sıx əməkdaşlıq qurduğunu, ictimaiyyətlə interaktiv dialoqların təşviq olunduğunu diqqətə çatdırıb.
COP29-un əhəmiyyətini xüsusi vurğulayan COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe Bakıda qəbul edilən qərarların, xüsusilə iqlim maliyyələşməsi sahəsində əldə olunan irəliləyişlərin yüksək qiymətləndirildiyini bildirib. O, COP30-a hazırlıq prosesində Azərbaycanın COP29 komandası ilə sıx əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu baxımdan COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarainin fəallığını minnətdarlıqla qeyd edib.
Azərbaycanın zəngin təcrübəsinin və fəal dəstəyinin Braziliya üçün önəmini vurğulayan Den Yoşpe gələcək fəaliyyət üçün mühüm istiqamətverici sənəd olan “Bakıdan Belemə Yol Xəritəsi” çərçivəsində konkret təşəbbüslərin reallaşacağını qeyd edib.
COP30-un yüksəksəviyyəli çempionu xüsusilə meşələrin qorunması, biomüxtəlifliyin təşviqi və yerli icmaların sosial-iqtisadi imkanlarının artırılması məsələlərində bioiqtisadiyyatın imkanlarına toxunaraq, bu sahənin iqlim dəyişikliyi üzrə qlobal müzakirələrin mühüm hissəsinə çevrildiyini bildirib.
COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışında “Qərarların İcra Gündəliyi” çərçivəsində yerli xalqlar, meşələr və biomüxtəliflik sahəsində əməkdaşlığın genişləndirilməsinin, yerli icma və ictimaiyyətlə təmasların gücləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə özəl sektorun iqlim dəyişmələri ilə mübarizə məsələsindəki rolunu vurğulayan N.Arpadarai həmkarı Den Yoşpeyə COP29 zamanı elan olunan “İqlim Dəyişikliyinə dayanıqlı KOB-lar” kampaniyasına göstərdiyi xüsusi maraq və dəstək üçün təşəkkürünü bildirib.