Şabranda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti ilə Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda konfrans təşkil olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, konfransda Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Konfransın əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Asif Hüseynov konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının yaddaşında və milli şüurunda əzəli yurd yeri olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır.
QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı hazırda görülən fəaliyyətin əsasını qoymasından, doğma yurdlarından zorla çıxarılan azərbaycanlılara qayğısı və xüsusi diqqətindən danışıb: "Son 200 ildə ilk dəfə Qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb. Tarixi torpaqlarından qovulan zaman hüquqları pozulan Qərbi azərbaycanlıların problemləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırırıq. Onların qarşısında konkret istəklərimizi bildiririk".
Konfransda digər çıxış edən natiqlərdə diqqətə çatdırıblar ki, bugünkü konfrans Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.