AZ

SON DƏQİQƏ: İran danışıqlar üçün Omana gedir – Trampın təslim ultimatumundan sonra gizli görüşlər başlayır

Musavat.com xəbər verir ki, İran hökumətinə məxsus rəsmi nümayəndə heyətini daşıyan təyyarə bu gün İran hava məkanını tərk edərək cənuba – Oman istiqamətində hərəkət edib.

Bu xəbər dünya ictimaiyyətində geniş rezonans doğurub. Çünki Oman hazırda ABŞ və İran arasında bağlanan, lakin sonrakı dövrdə pozulmuş nüvə razılaşmalarına dair gizli danışıqların əsas məkanı hesab olunur. Diplomatik mənbələrə görə, bu uçuş, bölgədə getdikcə alovlanan müharibə fonunda Vaşinqtonla Tehran arasında diplomatik fəallığın artdığına dair ciddi siqnaldır.

Xatırladaq ki, ötən həftənin bazar günü ABŞ və İran nümayəndə heyətləri arasında gizli müzakirələrin ilk mərhələsi başlamışdı. Lakin bu dialoq İsrailin hərbi müdaxiləsi ilə yarımçıq qalmış, regiondakı gərginlik daha da artmışdı.

Hazırda yayılan məlumatlara əsasən, əgər İran nümayəndə heyəti Omanda görüşlərə qatılarsa, bu, ABŞ tərəfinin də danışıqlara qayıdacağı anlamına gəlir. Beləliklə, əvvəlcə pozulan diplomatik prosesi bərpa etmək və sülh müzakirələrinə yenidən başlamaq imkanı doğur.

Bütün bunlar ABŞ Prezidenti Donald Trampın ötən gün verdiyi 24 saatlıq “şərtsiz təslim olun” ultimatumunun ardınca baş verir. Tramp açıq şəkildə bəyan etmişdi:
“İran ya dərhal raket və nüvə proqramlarını dayandıraraq təslim olur, ya da nəticələrinə qatlanır.”

İndi isə görünən odur ki, İran Trampın dediyi “tam təslimiyyət modelini” qəbul edərək, son anda diplomatik yola qayıdır.

Musavat.com-un əldə etdiyi kəşfiyyat xarakterli məlumatlara görə, bu görüşlərdə İranın ABŞ qarşısında heç bir şərt irəli sürmədən danışıqlara başlama ehtimalı yüksəkdir. Bu isə praktiki olaraq Tehran rejiminin təslim olma prosesinə başlamağa razı olduğunu göstərə bilər.

Prosesin necə inkişaf edəcəyi və ABŞ nümayəndə heyətinin də yaxın saatlarda Omanda danışıqlara qatılıb-qatılmayacağı yaxın saatlarda bəlli olacaq.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr