AZ

Paytaxtda partlayış baş verən ərazidə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb? MƏHKƏMƏ

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş verən partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə baş tutan iclas zərərçəkən və şahidlərin sərbəst ifadələri ilə davam edib.

Zərərçəkən Mircəlal İsmayılov bildirib:

"İşlədiyim sexdə uzanıb istirahət edirdim, birdən partlayış baş verdi. Tavan üstümə uçdu, xəsarət aldım. Təqsirləndirilənlərdən hər hansı bir şikayətim yoxdur".

Zərərçəkən Mehriyar Həqqi isə ifadəsində qeyd edib ki, partlayış vaxtı oraya alət götürməyə gedibmiş. Qəfil partlayış baş verib və sifətindən müxtəlif xəsarətlər alıb. Zərərçəkən ona dəyən ziyanın qarşılandığını deyərək şikayətçi olmadığını vurğulayıb.

Digər zərərçəkən Rahib Babayev isə partlayış vaxtı qardaşının çalışdığı sexə ona yardım etməyə getdiyini deyib:

"Partlayışda mənim BMW markalı avtomobilim ciddi zərər görüb. Qiymətləndirmə olub, 6 500 AZN zərər dəysə də, bu günədək ödənilməyib".

Təqsirləndirilən Tağı İbrahimov zərərçəkənə dəyən zərərdən məlumatlı olduğunu və yaxın günlərdə həmin məbləğin də zərərçəkənə ödəniləcəyini deyib.

İfadəsi alınan daha bir zərərçəkən isə bildirib ki, taxta sexində mişarlama işində çalışıb. Orada soyuq aylarda daim odun sobasından istifadə edildiyini deyib.

Hakim zərərçəkəndən ərazidə FHN əməkdaşlarının hər hansı bir nəzarətinin olub-olmadığını soruşduqda isə o vurğulayıb ki, çalışdığı dörd il ərzində heç vaxt FHN əməkdaşlarını ərazidə görməyib. Zərərçəkən təqsirləndirilənlərdən şikayətçi olmadığını deyib.

Prosesdə ifadə verən zərərçəkənlərin dediklərindən məlum olub ki, partlayışdan zərər görən iş adamlarının əksəriyyətinin fəaliyyəti qeyri-rəsmi olub. İcarə müqaviləsindən başqa fəaliyyətləri ilə bağlı hər hansı sənədləşmə mövcud olmadığından dəymiş zərərlərin müəyyənləşməsində müəyyən problem yaranıb. Bu səbəbdən də zərərçəkənlər dəymiş zərərləri şəxsi hesablamaları ilə müəyyənləşdirərək təqdim etdiklərindən tərəflər arasında məbləğ məsələsinə görə narazılıq olub.

Hazırda təcridxanada saxlanılan Tağı İbrahimovun səhhətinin kafi olmasına görə vəkili həkim rəylərini məhkəməyə təqdim edib. Bununla yanaşı, təqsirləndirilənin ailə üzvlərindən də onun səhhəti ilə bağlı məhkəməyə ərizə daxil olub.

Təqdim olunan sənədlər iclas protokoluna əlavə edilib.

Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr