AZ

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

Bu gün keçirilən sertifikatlaşdırılma imtahanında yüksək bal toplayanlar arasında Mərkəzi Aran regionunun müəllimləri də var.TehsilForumu.Az həmin müəllimlərin imtahanla bağlı təəssüratlarını öyrənib. Zərdab rayonu, Körpükənd tam orta məktəbinin riyaziyyat müəllimi  Vahid Mustafayev imtahanda 57 bal toplayıb. O, yüksək bal toplamağının sevincini belə izah etdi: “Artıq üç ildir ki, müəllim işləyirəm. İmtahanda 51 bal gözləyirdim, amma 57 bal topladım. Məni ən çox sevindirən də bu oldu. Suallar çox yüksək  səviyyədə tərtib olunmuşdu. Həm fənn, həm də kurikulum üzrə suallar balanslı idi. Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm”.Ülviyyə Umarova Göyçay rayon Qaraməryəm kənd məktəbinin ingilis dili müəllimidir. Deyir ki, MİQ imtahanında 53 bal toplayıb: “Bu dəfə diqqətimi tam cəmləyə bildim, çünki imtahan zalında sakitlik tam təmin olunmuşdu. 57 bal topladım. Bu nəticə mənə özümə inam yaratdı”.Pərvanə Tağıyeva da yüksək bal toplayanlar arasındadır. O, Ucar şəhəri 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir:"İlk 30 sual mənə daha asan gəldi. İmtahanda 55 bal topladım. Hər zaman şagirdlərimə motivasiya verməyə çalışıram. Özüm də daim öyrənirəm. Elə bu səbəbdən də uğur əldə etdim”.Aytac İsayeva isə Mingəçevir şəhəri 5 nömrəli məktəbin ingilis dili müəllimidir. Qeyd edir ki, imtahanda ixtisas suallarını yazmaq onun üçün çətin olmayıb: “Çünki ilboyu çalışmışam, hazırlığıma ara verməmişəm. Daim öz üzərində işləyən müəllim həm şagirdinə, həm də cəmiyyətə faydalıdır. 51 bal topladım və buna görə çox məmnunam”.Qeyd edək ki, Mingəçevir şəhəri 17 nömrəli tam orta məktəbdə təşkil olunan imtahan mərkəzində 131 nəfər müəllim sertifikatlaşdırmanın test mərhələsində iştirak edib.

Seçilən
5
tehsilforumu.az

1Mənbələr