Ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb
Sənəddə həmçinin vurğulanıb ki, ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.