İyunun 21-də Bakıda ilk dəfə keçiriləcək UFC Fight Night yarışını yayımlayacaq telekanalın adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, möhtəşəm gecənin bütün döyüşlərini İdman TV vasitəsilə izləmək mümkün olacaq.
Qarışıq döyüş növləri həvəskarlarına öncə iyunun 20-də saat 18:00-dan etibarən rəsmi çəki mərasiminə canlı baxmaq şəraiti yaradılacaq.
Bundan əlavə, İdman TV döyüşə hazırlıq proseslərini, eksklüziv müsahibələri və Bakının unikal mədəni mənzərəsini də nümayiş etdirəcək.
İyunun 21-də isə həm ilkin, həm də əsas kartın bütün 12 döyüşü yayımlanacaq.
İlkin kartın görüşləri saat 20-dən etibarən başlanacaq. Saat 23-də isə əsas kartın döyüşləri start götürəcək.
Əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq.
Həmçinin "Baku Crystal Hall"da oktaqona 3 azərbaycanlı idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev çıxacaq.