AZ

Kiçik qrant müsabiqəsinin qalibi olan “Yaşatmaq uğrunda!” layihəsinin təlimlərinə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Yaşatmaq uğrunda!” layihəsinin təlimlərinə start verilib.

"Report" xəbər verir ki, 1 iyun-31 avqust 2025-ci il tarixlərində icrası nəzərdə tutulan layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edir.

Bu gün Uşaq evinin yeniyetmə sakinləri öncə “Baku TV” MMC-nin direktoru Ramin Cəfərovla görüşüblər. Televiziya rəhbəri ilə səmimi söhbət zamanı Ramin Cəfərov onların məhz bu sosial layihə ilə həyata və işıqlı gələcəklərinə inamlarının daha da artacağını bildirib: “Biz bu gündən sizin dostunuzuq. Daim qapısını döyəcəyiniz bir media məkanı - “Baku TV” ailəsi var. “Yaşatmaq uğrunda!” layihəsində iştirakçı olduğunuz təlimlər və görüşlərdə bəlkə də siz gələcək həyat istiqamətinizi dəyişmək üçün yeni qərarlar qəbul edəcəksiniz. Bu yolda sizə uğur diləyirəm. Özünüzə və bizə daim güvənin”.

Görüş çərçivəsində JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist Günel Gözəlova “Baku TV” komandası ilə müvafiq layihənin birgə icrasına görə televiziya rəhbərinə təşəkkür edib.

Daha sonra tanınmış telejurnalist-təlimçi, 30 ilə yaxındır ki, həm mətbuatda, həm də televiziyada peşəkar fəaliyyət göstərən Azər Cabbarov “Media nədir?” mövzusunda təlim keçib. Təlim zamanı qızların media haqqında hazırkı biliklərini də yoxlayan Azər Cabbarov onlara Azərbaycanda və dünyada medianın tarixini, bu günə kimi hansı inkişaf yolu keçdiyini öyrədib. Təlim interaktiv keçməklə yanaşı Uşaq evi sakinlərinin jurnalistika sahəsinə marağına da səbəb olub. Bundan sonra Baku.tv Rəqəmsal Media Məktəbinin təlimçilərinin iştirakı ilə əlavə 17 təlimin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların azad və sağlam ruhlu yaşaması uğrunda icra olunacaq “Yaşatmaq uğrunda!” layihəsinin əsas məqsədi gender quruculuğu, qızların əlavə təhsilinə, eləcə də yeni bacarıqların - gələcəyə yönəlik məşğulluğun öyrədilməsi, 15-17 yaş arası təkbaşına həyatla mübarizəyə qoşulacaq qızların uğurlu gələcəyə inamını təmin etməkdir.

Təlimlər bittikdən sonra Uşaq evi sakinlərinin özgüvənləri və onların həyatda özlərini sübut edə bilmələrinə dəstək, eyni zamanda gələcəkdə iş imkanlarının açılması, əlaqələrinin qurulması məqsədilə onların tanınmış şəxslərlə (iş adamları, yaradıcı insanlar, ictimai, eləcə də mədəniyyət xadimləri və s.) ilə görüşünün təşkil olunması planlaşdırılıb.

Seçilən
4
1
report.az

2Mənbələr