Boşanan ailələrdə alimentin məbləğinin müəyyən olunması mübahisəli məsələlərdəndir. Hətta bu nüans bəzən münaqişələrə belə səbəb olur.
Azərbaycanda aliment şəxsin maaşından yüksək məbləğdə təyin oluna bilərmi? Bu barədə qanunvericilikdə nə deyilir?
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Sualınıza cavab olaraq bildirirəm ki, nigahın pozulması zamanı valideyinin himayəsinə verilmiş uşaqlara digər valideyin tərəfindən alimentin verilməsi Ailə Məcəlləsi ilə tənzimlənir Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən alimentin 1) uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2) uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3) və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Eyni zamnda bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Onu da qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən qanunla aliment sabit pul məbləğində yəni valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”.
Hüquqşünas bildirib ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Tutulan alimentin miqdarı şəxsin qazancından çox ola bilərmi? Uşaqların saxlanması üçün müəyyən edilmiş minimum istehlak səbətinə uyğun olaraq hər bir uşağın saxlanmasına görə aliment müəyyən edilir. Bəzi hallarda şəxsin qazancı qeyri müəyyən olduğu üçün bu məbləğ şəxsin aylıq qazancından çox ola bilər bu sadəcə olaraq qanunla valideynin uşağı saxlamaq öhdəliyi ilə bağlıdır. Yəni bu məbləğ valideyn tərəfindən ödənilməsi onun öhdəliyidir”.
Fidan Vəlisoy