BAKI, 18 iyun. TELEQRAF
Bu gün “Bakı Platforması Tərəfdaşlığı – Əlverişsiz Şəraitlərdə Sülhə Töhfə Verən İqlim Fəaliyyətinin İrəlilədilməsi” üzrə Yüksək Səviyyəli Paneldə bizim təşəbbüslərlə bağlı müzakirələr aparıldı. Belə ki, ötən il COP29-da Bakı Sülh və İqlim Fəaliyyəti Platforması – Bakı Habı təsis edilib. Biz artıq Bakı Habının praktiki fəaliyyətlərinin nəticələrini görürük. Bakı Habının əsas məqsədi həm iqlim, həm də münaqişələrdən əziyyət çəkən ölkələrə beynəlxalq yardımın artırılması, eyni zamanda iqlim maliyyəsinin artırılmasıdır. Bir neçə ay ərzində aparılan fəaliyyət nəticəsidir ki, bu gün artıq üç ölkə- İraq, Çad və Qvineya-Bisau öz ilkin layihələrini təqdim etdilər. Bir çox beynəlxalq təşkilatların, iqlim fondlarının bu layihələrə dəstəklərinin şahidi olduq. Biz bunun daha da artacağına inanırıq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bonnda keçirilən İyun İqlim Görüşləri çərçivəsində deyib.
Elşad İsgəndərov vurğulayıb ki, Azərbaycan COP29 sədirliyi dövründə artıq bu layihələrin konkret icrasına nail olub: “Azərbaycanın təşəbbüsü ilə “Münaqişədən əziyyət çəkən və ya yüksək humanitar ehtiyaclı iqlimə həssas ölkələrin Şəbəkəsi” yaradıldı. Bu şəbəkənin ilk strateji görüşü bu ilin əvvəlində Əbu-Dabidə keçirildi və nəticədə Bakı Platformasını dəstəkləyən birgə bəyanat və fəaliyyət planı qəbul olundu”.
“Biz təxminən 500 milyon insandan danışırıq. 500 milyon insan həm iqlim, həm də münaqişələrdən əziyyət çəkir. Şübhəsiz ki, bu gün burada bütün beynəlxalq tərəfdaşların, ölkələrin, beynəlxalq qurumların Azərbaycana təşəkkür etmələri bir daha ölkəmizin bu vacib sahədə liderliyimizi təsdiq edir”, - deyə Elşad İsgəndərov əlavə edib.