AZ

UEFA Konfrans Liqasında “Araz-Naxçıvan” üçün 111 yaşlı “Savaş tanrısı” - TANITMA

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” 111 illik tarixə malikdir.

“Report” xəbər verir ki, adı qədim yunan mifologiyasında müharibə tanrısı kimi qələmə verilən komanda 1914-cü ildə yaradılıb.

Komandanın rəngləri qədim dönəmlərdə Saloniki şəhərinin ərazisində yerləşən Bizans İmperatorluğundan (və ya Şərqi Roma İmperiyası) götürülmüş sarı və qaradır.

Elə ləqəbi də “Savaş tanrısı” olan “Aris” tarixi ərzində 3 dəfə Yunanıstan çempionu (1945/1946, 1931/1932, 1927/1928 mövsümləri) adını qazanıb. Bununla yanaşı, komanda bir dəfə də ölkə kubokunun (1969/1970 mövsümü) sahibi olub.

"Aris" ev oyunlarını 1951-ci ildən fəaliyyətdə olan və 22 800 azarkeş tutumuna malik təbii ot örtüklü “Kleantis Vikelidis” stadionunda keçirir.

Baş məşqçi Marinos Uzunidisin rəhbərliyi altında 2024/2025 mövsümünü beşinci pillədə bitirən kollektiv hazırda UEFA-nın klub reytinqində 195-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Seçilən
2
report.az

1Mənbələr