AZ

GÖZLƏNİLƏN XƏBƏR: Veteranlara verilən 80 manat təqaüd ARTIRILIR? – Yaxın bir aya...100-150 manat...

Ölkədə müxtəlif dövrlərdə sosial müavinətlərin artırılması ilə bağlı qərarlar verilir. Lakin uzun müddətdir gözlənilməsinə baxmayaraq veteranlara verilən 80 manat məbləğində Prezident təqaüdünün artırılması baş tutmur.


Buna səbəb nədir? Təqaüdün artırılmasına həqiqətən də ehtiyac varmı?


Sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında bu sualları cavablandırıb.




“Bir neçə gün əvvəl, demək olar ki, bütün sosial müavinətlər artırıldı. Ondan əvvəl isə əmək pensiyaları, maaşlar, əməkhaqqları da 10 faiz civarında artırılmışdı. Yəqin ki, mərhələli şəkildə sosial ödənişlərdə artım olacaq. Çünki bu ilin büdcəsində də sosial paketin büdcəsi xeyli artırılıb. Bu o deməkdir ki, bütün növ sosial istiqamətlərdə müəyyən artım olmalıdır. Hesab edirəm ki, veteranlar üçün nəzərdə tutulmuş təqaüdlə bağlı ayrılıqda bir qərar ola bilər. Bu müavinəti alanların sayı 180 mindən çoxdur.  Digər sosial kateqoriyalara nisbətən bu təqaüdün əhatə etdiyi kütlə daha genişdir. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranları daxildir və buna görə də say həddən çoxdur. Bu da büdcədən ayrılan paketdə maliyyə yükü yaradır”.


Ekspert qeyd edib ki, bu kontingent olduqca böyük olduğundan belə bir qərar vermək də büdcə üçün riskli ola bilər.


“Adətən ilin ikinci yarısından – iyun-iyul aylarında büdcəyə yenidən baxıldıqdan sonra yenidən bəzi sahələrdə artımlar verilir. Əvvəlki artımda müharibə qəhrəmanları, şəhid ailələri, müharibə əlilləri və s. üçün nəzərdə tutulmuş müavinətlər artırılıb, yalnız müharibə iştirakçıları üçün nəzərəd tutulmuş müavinət qalıb. Birinci Qarabağ müharibəsi dövründə də çox veteranlıq verilmişdi, indiki dövrə qədər dəqiqləşmələrdən sonra yenə də bu status bəzi şəxslərə verilib. Lakin hər bir halda bu məbləğ olduqca azdır. Ən pis halda 100 manata çatdırıla bilər. Amma mümkündür ki, 150 manata qaldırılsın. Çünki ölkə bedcəsinin gəlirləri də getdikcə artır. Baxmayaraq ki, dünya bazarında bu il neftin qiyməti gözləniləndən aşağı olur amma digər istiqamətlərdən yenə də büdcə gəlirləri artır. Gəlirlər artdıqda da bu kimi istiqamətlərdə artımlar olmalıdır”.


Elçin Bayramlı hesab edir ki, yaxın bir ay ərzində artım qərarı gözləniləndir.

 

Fidan Vəlisoy 

Seçilən
9
3
referans.az

4Mənbələr