"Fenerbahçe" İdarə Heyətinin Prezident Vəkili Erol Bilecik sentyabr ayında vəzifəsindən istefa edəcəyini açıqlayıb. Klub daxilində yayılan xəbərlərə cavab olaraq sosial media hesabında paylaşım edən Bilecik, istefa qərarını artıq rəhbərliyə bildirdiyini deyib.
Manset.az-ın türk mətbuatına istinadən məlumatına görə, Bilecik paylaşımında, şəxsi e-poçtunun kibercinayət yolu ilə qanunsuz şəkildə ələ keçirildiyini və ictimaiyyətə yayıldığını bildirib. O, bunun hüquq və əxlaq normalarına zidd olduğunu vurğulayaraq, məsul şəxslər haqqında hüquqi addımlar atdığını qeyd edib:
“Şəxsi yazışmalarım izinsiz ələ keçirilib və yayımlanıb. Bu, Türk Cəza Qanununa görə cinayət sayılır. Cinayəti etiraf edən şəxslər barəsində hüquqi müraciətlər artıq təqdim olunub.”
Bilecik, "Fenerbahçe" rəhbərliyi ilə münasibətlərinin uzun illərə dayanan dostluq üzərində qurulduğunu bildirib və son zamanlar bəzi qrupların ona və ailəsinə qarşı hücumlarını tənqid edib. Onun sözlərinə görə, bu hücumlar klubun maraqlarına zərər vermək səviyyəsinə çatıb və məqsədin Prezident Ali Koç-u zəiflətmək olduğu açıq şəkildə görünməkdədir.
“Bu linç kampaniyasının məqsədi "Fenerbahçe" dəyərlərini qorumaq deyil, hörmətli Prezidentimiz Ali Koç-a zərər verməkdir,” – deyə o qeyd edib.
Bilecik sentyabr ayında vəzifəsini rəsmi olaraq buraxacağını, bu müddət ərzində isə "Fenerbahçe" dəyərlərindən imtina etmədən xidmətini davam etdirəcəyini bildirib.
“Fenerbahçe"yə xidmət həyatımın ən böyük şərəflərindən biri olub. Mən bir "Fenerbahçe"liyəm və bundan sonra da bütün qəlbimlə klubumu dəstəkləməyə davam edəcəyəm,” – deyə o, açıqlamasını tamamlayıb.
Erol Bilecik, 7 ildir "Fenerbahçe" İdarə Heyətində Prezident Vəkili kimi fəaliyyət göstərir.
