BAKI, 18 iyun. TELEQRAF
Avrokuboklarda Azərbaycanı təmsil edəcək Premyer Liqa təmsilçiləri təlim-məşq toplanışlarına artıq start versələr də, digərlər istirahətdədirlər. Klubların transfer siyasətində də durğunluq müşahidə olunur. Ötən mövsümü I Liqanın ilk “üçlüy"ündə başa vurmuş “Karvan” və “İmişli” isə ilk növbədə, stadion problemini həll etmək niyyətindədir.
Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov hazırlıqlarla bağlı Teleqraf-ın suallarını cavablandırıb:
- “Karvan” 2025/2026 mövsümü üçün hazırlıqlara nə vaxtdan başlayacaq?
- İyunun 25-dən başlayacağıq. 10 günlük seleksiya işləri olacaq. İyuldan isə yoxlama görüşləri keçiriləcək. Təlim-məşq toplanışına Yevlaxdakı bazamızda başlayacağıq.
- Yoxlama görüşlərində rəqibləriniz kim olacaq?
- Birinci Liqa və Premyer Liqa klublarını nəzərdə tutmuşuq. Çox güman ki, “Şamaxı” və “İmişli” ilə oynayacağıq.
- Bilindiyi kimi, Yevlax şəhər stadionunun vəziyyəti Premyer Liqa üçün əlverişli olmadığından, ot örtüyünün dəyişdirilməsini planlaşdırırsınız. Bu mövzuda AFFA sizə dəstək olacaq?
- Yaxın günlərdə ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlərə başlanılacaq. Hazırda mütəxəssislər gəlib-gedirlər. Çalışırq ki, meydanın ot örtüyünü ideal şəkildə dəyişdirək.
- Stadion hazır olana qədər rəqibləri harada qəbul edəcəksiniz?
- Hazırda onu deyə bilməyəcəyik. Çalışacağıq ki, bizə yaxın məsafələr olsun. Güman ki, Qəbələ və Şamaxı şəhər stadionları ola bilər. Biz bunu gələcəkdə müəyyənləşdirəcəyik. Danışıqlar apardıqdan sonra məlum olacaq ki, hansı stadionda oynaya bilərik. Hazırda isə heç kiminlə bu mövzuda danışığımız olmayıb.
- Təmir əsnasında əlavə məşq meydanı salınacaqmı?
- Böyük ehtimalla, salınacaq. Köməkçi meydan süni örtüklü, əsas meydanın ot örtüyü isə təbii olacaq.
- Transferlərlə bağlı nə yenilik gözlənilir: Legionerləri xaricdən gətirəcəksiniz?
- Hazırda danışıqlar davam edir. Hələ heç bir futbolçu ilə müqavilə imzalanmayıb. Komandamıza cəlb edəcəyimiz legioner futbolçular Azərbaycan Premyer Liqasında çıxış edənlər olmayacaq. Maraqlandığımız xaricilər Azərbaycanda çıxış etməyib. Amma azərbaycanlı oyunçular elita klublarında çıxş edənlər ola bilər.
- Razılaşdığınız oyunçular varmı?
- Sözdə olub, amma heç biri ilə rəsmi müqavilə imzalanmayıb.
- Heyətin neçə faizi dəyişiləcək?
- Demək olar, komandada 90-95 faizi dəyişiklik olacaq.
- Transferlərlə bağlı işlər nə vaxt gerçəkləşəcək?
- Çox güman ki, iyulun ortalarınadək bu məsələ tam həllini tapacaq.