"OpenAI" şirkətinin baş direktoru Sem Altman robot texnologiyalarına böyük maraq göstərir və hesab edir ki, artıq 5-10 il ərzində küçələrdə sərbəst hərəkət edən və avtomobil idarə edən humanoid robotlar görünəcək.
Valyuta.az xəbər verir ki, Altman bu fikirlərini qardaşı Cek Altmanın aparıcısı olduğu "Uncapped with Jack Altman" podkastında bölüşüb.
Onun sözlərinə görə, bu cür robotların yaradılması bu gün üçün çox çətin mühəndislik vəzifəsidir. Altman xatırladıb ki, "OpenAI" şirkətində bir vaxtlar robot qol layihəsi üzərində sınaqlar aparılıb. Lakin layihə istənilən nəticəni verməyib, çünki qurğu tez-tez sıradan çıxıb və simulyasiyalar düzgün işləməyib.
Buna baxmayaraq, Altman əmindir ki, yaxın gələcəkdə süni intellektlə təchiz olunmuş, müstəqil hərəkət edən humanoid robotlar şəhərlərdə adi hala çevriləcək.
O, həmçinin cəmiyyətin bu texnoloji dəyişikliyə necə adaptasiya olunacağı barədə də sual qoyub. Altmanın fikrincə, ChatGPT kimi proqram təminatları artıq böyük nailiyyət sayılır, lakin yenə də sadəcə kompüterdə fəaliyyət göstərən bir proqramdır. Robotlar isə insanlara yad mədəniyyət kimi yox, əsl gələcək kimi təsir bağışlayacaq:
"Bu, ChatGPT-dən fərqli olaraq, gerçək gələcək kimi hiss olunacaq. ChatGPT nə qədər möhtəşəm olsa da, o hələ də kompüterin içindədir – bu isə keçmişin formasıdır".
Paşa Məmmədli