Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidindən biri-İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib.
Şahid ifadəsində demək olar əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib:
“Mən boyda şəxsiyyətin əlinə qandal vurublar. Cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam. Qolları qandallanaydı məni bura salan yerdə… Ağır seyid nəvəsiyəm”.
İlhamə daha sonra şahidin ifadəsinə bir bənf şerlə münasibət bildirib. Bu məqamda prosesə sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib: “Bura sizin üçün şer demək yeri deyil. Biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın”, -hakim tələb edib.
Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq.
Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Sail Ağasəlim