Vaxtilə Cəbrayılda ordu quruculuğu üçün əvəzsiz xidmətlər göstərmiş, bu rayonda yaradılan milli hərbi hissənin ilk komandiri, ehtiyatda olan kapitan Kamil Vəliyev iyunun 18-də vəfat edib.
Tarix bəzən bizə elə şəxsiyyətlər bəxş edir ki, onların həyat yolu təkcə bir sahədə deyil, müxtəlif istiqamətlərdə örnək olur. Kamil Vəliyev məhz belə insanlardan biri idi. O, həm elmə və maarifçiliyə fədakarlıq etmiş, həm də vətənin sadiq əsgəri olmuşdu.
Kamil müəllim uzun illər boyu pedaqoji fəaliyyətlə məşğul olmuş, minlərlə gəncin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı.
Kamil Əliş oğlu Vəliyev Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdu.
Ali təhsilini başa vurandan sonra Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində fizika fəninini tədris edirdi.
Onun dərsləri sadəcə fizika və riyazi düsturlar, tarixi hadisələrin öyrədilməsi ilə məhdudlaşmırdı. O, şagirdlərinə vətən sevgisini, dürüstlüyü və məsuliyyəti də aşılayırdı. Kamil müəllimin sinifində hər bir şagird onun diqqətindən kənarda qalmırdı. O, təkcə müəllim deyil, həm də həyat bələdçisi idi. Şagirdləri ondan bəhs edərkən tez-tez bu ifadəni işlədirlər: “Kamil müəllim dərs demirdi, bizə həyat öyrədirdi”.
Kamil Vəliyevin taleyinə təkcə məktəb lövhəsi qarşısında durmaq deyil, həm də səngərdə, ön cəbhədə düşmənə qarşı vuruşmaq yazılmışdı. Ölkə təhlükə qarşısında qaldığı zaman o, bir an belə tərəddüd etmədən silaha sarıldı.
1990-cı illərin əvvəllərində Cəbrayılda döyüşlər başlayanda ilk əlinə silah götürən şəxslərdən biri məhz Kamil müəllim oldu. Başqa sözlə, o, qələmi silaha dəqişən ilk müəllimlərdən idi.
O vaxtlar Kamil Vəliyev artıq tanınmış müəllim idi, lakin bu, onu mübarizədən çəkindirmədi. Könüllü olaraq ön cəbhəyə yollandı və orada da liderlik xüsusiyyətləri, dəmir iradəsi ilə seçildi.
1991-ci ildə Cəbrayılda yaranan ilk Özünümüdafiə Batalyonuna komandirlik etmək məsuliyyətini heç kim üzərinə götürmək istəməyəndə Kamil Vəliyev irəli durdu, bu şərəfli vəzifəni üstünə aldı. Maddi-texniki təminatı olmayan bir batalyona komandirlik etmək o dövr üçün böyük bir əzmkarlıq tələb edirdi.
Beləcə, hamının pedaqoq kimi tanıdığı Kamil müəllim artıq zabit kimi ordu quruculuğunda yaxından iştirak etməyə başladı. Əsgərləri onun ətrafında möhkəm bir yumruq kimi birləşirdi. Kamil Vəliyev cəbhədə həm nümunəvi döyüşçü, həm də mənəvi dayaq idi. O, əsgərlərinə yalnız döyüş taktikasını deyil, həm də döyüşdən sonra insan olaraq qalmağı öyrədirdi.
1992-ci ildə Cəbrayıldakı Özünümüdafiə Batalyonu polka çevriləndə, Kamil müəllim polk komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin edildi.
Cəbrayıllı döyüşçülərin uğurla həyata keçirdikləri Sur əməliyyatına – Hadrutun bu kəndinin erməni separatçılarından təmizlənməsinə Kamil müəllim rəhbərlik etmişdi.
O, 1995-ci ildə ordu sıralarından kapitan rütbəsi ilə tərxis edilib... Və yenidən Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində pedaqoji fəaliyyətinə davam edib.
Kamil Vəliyev kimi şəxsiyyətlər millətin yaddaşında silinməz iz qoyur. O, sübut etdi ki, bir insan həm elmə, həm də vətənə sədaqətlə xidmət edə bilər. Onun həyatı gənclərə nümunədir - necə düzgün yaşamaq, necə mərd olmaq və nə üçün ölməyə dəyər prinsipləri baxımından.
Bu gün Kamil Vəliyevin adı onu tanıyanlar tərəfinsən hörmətlə çəkilir. Onun həyat yolu bir daha göstərir ki, müəllimliklə komandirlik arasında görünməz bir körpü var - hər ikisi maarifləndirir, qoruyur və formalaşdırır.
Kamil Vəliyev həm gözəl müəllim, həm də cəsur komandir kimi bu iki müqəddəs vəzifənin öhdəsindən şərəflə gələn nadir insanlardan biri kimi yaddaşlara həkk olundu.
Vətən müharibəsi dövründə Kamil müəllimin oğlu Abbas Vəliyev savaşda iştirak etdi, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ə.Qafarlı