"Amerikanın İsrail tərəfindən müharibəyə qoşulması və İrana qarşı təcavüzə başlaması ehtimalı çox yüksəkdir. Çünki Prezident Donald Trampın bütün qərarları mənasızdır".
Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Amerika Birləşmiş Ştatlarının İran-İsrail müharibəsinə qoşulma ehtimalını şərh edərkən bildirdi.
"Bütün hərəkətlərində beynəlxalq hüquqa, qanuna hörmətsizlik nümayiş etdirir. Onun ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür. Amerika müharibəyə qoşulsa, Yaxın Şərqdə müharibənin miqyası genişlənəcək. İrana dəyən ziyan və zərər artacaq. Amerikanın İranın yaxınlığında gəmiləri və hərbi bazaları var. İran isə bunlara zərbə endirəcək. Düşünmürəm ki, onlar İrana quru ilə girə bilsinlər. Əgər quruya qoşun çıxarsalar, darmadağın olacaqlar. Amma texnoloji üstünlüklərdən istifadə edib İrana böyük zərbə vura biləcəklər", - deyə o vurğuladı.
Pilotoloq hesab edir ki, Rusiya bu məsələdə heç nə etməyəcək.
"Rusiya həmişə müttəfiqlərinə xəyanət etmiş ölkədir. Çin qarışmayacaq. Çin uzaqdan müşahidə etməyə üstünlük verir. Türkiyənin əlindən isə heç nə gəlməyəcək. Türkiyə Amerikanın müttəfiqidir. Türkiyə ancaq onu edə bilər ki, öz ərazisindən İrana qarşı hücum üçün imkan yaratmasın. Necə ki, vaxtilə İraqa qarşı təcavüz zamanı öz ərazisindən istifadəyə icazə verməmişdi. Hər şey İran xalqının iradəsindən asılıdır. Texnika, texnologiya və havada ağalıq ABŞ və İsrailin əlindədir. Azərbaycan hakimiyyəti belə hallarda neytral qalmağa üstünlük verir. Nə İsrailin, nə də İranın tərəfindədir. Çalışır ki, müdaxilə etməsin", - deyə Zərdüşt Əlizadə qeyd etdi.
Aytəkin TOFİQQIZI