"Lüksemburqa" uçan, amma Avropaya çatmayan təyyarələr..."
Çin son günlərdə İrana bir neçə yük təyyarəsi göndərib və bu, bölgədə gərginliyin artdığı bir vaxtda beynəlxalq narahatlıq doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, bu reyslərin məqsədi, ehtimal ki, hərbi yük - silah və texnika daşınması ilə bağlıdır.
"Lüksemburqa" uçan, amma Avropaya çatmayan təyyarələr
Son üç gün ərzində Çinin azı üç yük təyyarəsi İrana uçub. Rəsmi sənədlərdə bu təyyarələrin son ünvanı Lüksemburq kimi göstərilsə də, Avropa hava məkanında onların heç biri qeydə alınmayıb.
Uçuşlar əsasən Şanxaydan başlayıb, Mərkəzi Asiya üzərindən keçib və İran sərhədləri yaxınlığında radar izləməsindən itib. Bu qeyri-adi marşrut, xüsusilə də İsrailin İrana son zərbəsindən sonra baş verdiyi üçün, Pekinin Tehrana mümkün hərbi dəstəyi ilə bağlı suallar doğurub.
Ekspertlər: "Bu, təsadüfi deyil"
Ekspertlər qeyd edir ki, bu tip "Boeing 747" təyyarələri tez-tez hərbi texnika daşınması üçün istifadə olunur. Ekseter Universitetindən Andrea Gizzelli bildirib ki, Çin tərəfdən hər hansı bir yardımın mümkünlüyü bu reyslərə marağı daha da artırır.
Çin və İran uzun müddətdir strateji tərəfdaş sayılır. İki ölkəni ABŞ-ın qlobal təsirinə qarşı ümumi mövqe birləşdirir. Çin gündə təxminən 2 milyon barrel neft aldığı İranı Yaxın Şərqdə əsas enerji tərəfdaşı hesab edir. Gizzelliyə görə, Tehrandakı rejimin çökməsi Çinin regional maraqlarına ciddi zərbə ola bilər.
Pekin ehtiyatlı davranır
Buna baxmayaraq, Çin hələlik ehtiyatla hərəkət edir və ABŞ-la, xüsusilə də iki ölkə arasında davam edən ticarət müharibəsi fonunda, münasibətləri gərginləşdirməməyə çalışır.
Uçuşları həyata keçirən "Cargolux" şirkəti isə İrandan istifadə etmədiyini iddia edir. Amma eyni zamanda, daşınan yüklərlə bağlı heç bir məlumat təqdim etmir. Bu cür reyslərin yükləri məxfi sənədlərlə müşayiət olunduğuna görə onların tərkibini müstəqil yoxlama olmadan müəyyənləşdirmək mümkün deyil.
Keçmiş təcrübə: silahlar "külək turbinləri" adı altında
Bu, Çinin ilk belə addımı deyil. Avropa kəşfiyyatı daha öncə Çin istehsalı olan dron komponentlərinin külək turbinlərinin hissələri adı ilə göndərilməsinin qarşısını alıb. 2024-cü ildə isə mətbuat İrana deyil, bu dəfə Liviyaya bir milyard dollarlıq pilotsuz uçuş aparatlarının köçürülməsi sxemini üzə çıxarıb, bu da Çinin saxta şirkətlər şəbəkəsindən istifadə etməklə həyata keçirdiyi başqa bir məxfi əməliyyat olub.
Çin bu reyslərlə bölgədəki strateji tərəfdaşına yardım göndərirmi, yoxsa bunlar kommersiya məqsədi daşıyır? Bu suala cavab vermək hələlik mümkün deyil. Amma təyyarələrin Lüksemburqa deyil, İrana uçması təkcə texniki "səhv" olaraq izah edilə bilməz.