Bakı Avrasiya Universiteti (BAAU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən 49.7 bal toplayaraq mövqeyini yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, bu nəticə universitetin ötənilki 1501+ mövqeyi ilə müqayisədə 4.8 bal və ya 10,69% artım deməkdir.
Bu il dünyanın müxtəlif ölkələrindən 2318 ali təhsil müəssisəsinin qatıldığı reytinqdə BAAU 10 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə qiymətləndirilib və ötən illə müqayisədə irəliləyişə nail olub. Universitetin ümumi nəticəsi 44.9-dan 49.7-ə yüksələrək 10,69% artım göstərib. Bu yüksəliş, universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatların və sosial məsuliyyət təşəbbüslərinin uğurlu nəticəsidir.
BAAU təqdim etdiyi hesabat əsasında aşağıdakı 4 Dayanıqlı İnkişaf Məqsədi üzrə beynəlxalq səviyyədə xüsusi yer tutub:
• Keyfiyyətli təhsil – 1001–1500
• Gender bərabərliyi – 401–600
• Bərabərsizliyin azaldılması – 401–600
• Məqsədlər üçün tərəfdaşlıq – 1001–1500
Qeyd edək ki, “THE Impact Rankings” siyahısı Times Higher Education (THE) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) əsasında hazırlanır. Reytinq ali təhsil müəssisələrinin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial-iqtisadi təsiri və ictimai öhdəlikləri kimi kriteriyalar əsasında onların dayanıqlı inkişafa verdiyi töhfəni obyektiv şəkildə qiymətləndirir.