AZ

Oktyabrda Türk Dövlətləri Təşkilatının Bakıda Zirvə toplantısı keçiriləcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan Respublikası ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik simpozium keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin açılışı zamanı BMTM-in İdarə Heyətini sədri Fərid Şəfiyev hazırda ölkələrimiz arasında münasibətlərin müsbət inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ortaq tarix, mədəni irs və dəyərləri paylaşan iki dost ölkənin əməkdaşlıqları enerji, nəqliyyat-logistika, humanitar və beynəlxalq diplomatiya sahələrində yeni mərhələyə qədəm qoyub. “Oktyabrda Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda Zirvə toplantısı keçiriləcək. Bu tədbir çərçivəsində ənənəvi olaraq beyin mərkəzlərinin forumu təşkil olunur. Türkmənistandan olan həmkarlarımızı həmin tədbirlərdə görməkdən məmnun olarıq”, - deyə o əlavə edib.

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov iki ölkə arasında əlaqələrin qarşılıqlı olaraq inkişaf etdiyini, nəqliyyat, logistika sahəsində əməkdaşlığımızın genişləndiyini bildirib. O, bir neçə gün əvvəl Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Nazir müavini iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində əməkdaşlığımız daha da genişləndiyi qeyd edib.

Vurğulanıb ki, Azərbaycan ilə Türkmənistan arasında quru sərhədi olmasa da, Xəzər dənizi körpü rolunu oynayır.

"Bu gün Azərbaycan Avrasiyanın logistika mərkəzinə çevrilib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı intensiv şəkildə istifadə olunur", - deyə S.Şərifov bildirib.

Nazir müavini, həmçinin Trans-Xəzər əməkdaşlığı, enerji təhlükəsizliyi, yaşıl enerji keçidi kimi sahələrdə potensialın geniş olduğunu vurğulayıb.

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ölkəsinin beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən birinin də qardaş Azərbaycanla əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsi olduğunu diqqətə çatdırıb. "Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft-qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan bizim üçün qardaş ölkə, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi gücləndirəcəyik", - deyə o vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, hazırda Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir. O cümlədən enerji ehtiyatlarının Xəzər dənizi vasitəsilə, Azərbaycan və Türkiyə ərazisi ilə üçüncü ölkələrin bazarlarına nəqlinin artırılması imkanları qiymətləndirilir.

O, Xəzər dənizinin dibi ilə Türkmənistan ilə Azərbaycan arasında fiber-optik kabelin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində iş aparıldığını da bildirərək deyib: “Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət daşıyır”.

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev bildirib ki, əvvəllər neytrallıq izolyasiya kimi qəbul edilirdisə, bu gün aktiv diplomatik mövqeyə çevrilib. “Türkmənistan bu yanaşmanı - bitərəfliyi sülh, dialoq və beynəlxalq əməkdaşlıq vasitəsi kimi təbliğ edən bir dövlət kimi açıq şəkildə nümayiş etdirir. Neytral dövlətlər qlobal ayrılığın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilər”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Türkmənistan da qardaş Azərbaycan kimi, beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən Trans-Xəzər marşrutunun, həmçinin Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir. Türkmənistan Avropa ilə Asiyanı birləşdirən logistika mərkəzi olmağa çalışır, bununla da iqtisadi və siyasi əlaqələri genişləndirir.

Tədbir işini panel iclaslarla davam etdirib.

Birinci paneldə Azərbaycan-Türkmənistan çoxşaxəli əməkdaşlığı müxtəlif aspektlərdən təhlil olunub.

Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev və BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı çıxış edərək Xəzər regionunda nəqliyyat dəhlizləri, enerji resurslarının birgə istifadəsi və mədəni-humanitar əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

“Türkmənistanın daimi neytrallıq statusu sülh, regional və qlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə kimi” mövzusunda keçirilən ikinci paneldə BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və politoloq, tarixçi və televiziya aparıcısı Teymur Atayev neytrallıq konsepsiyasının beynəlxalq hüquq və diplomatiya kontekstində əhəmiyyətini izah ediblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Seçilən
2
ikisahil.az

1Mənbələr