BAKI, 18 iyun. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy,sizcə, İsrail-İran arasında qarşılıqlı hava hücumları nə vaxta qədər davam edə bilər? İkinci bir ssenari mümkündürmü?
- Qarşıdurmada ikinci ssenari kimi quruda hərbi əməliyyatlardan söhbət gedirsə, bu, mümkün deyil. Müharibənin şiddətlənməsi fonunda İranın İsrailə və ya əksinə, İsrailə kömək edən koalisiyanın İrana qurudan hərbi müdaxiləsi ehtimalı yoxdur. Qarşılıqlı hava zərbələrinin davam etməsi isə mümkündür.
Dünən gecə saatlarda ABŞ-də Prezident Donald Trampın iştirakı ilə təhlükəsizlik strukturlarının iclası oldu. Toplantıda İran-İsrail qarşıdurmasına müdaxilə etməklə bağlı hər hansı qərar çıxmadı. Sadəcə 24-48 saat ərzində hansısa qərarın olacağı söylənildi. Bu, Tehranla danışıqlarda anlaşmalara gedilməsi ilə bağlı ayrılan son zaman kəsimi kimi dəyərləndirilir. Ona görə də yaxın zamanlarda, hətta yaxın saatlarda hansısa anlaşmanın əldə olunması ehtimalı yüksəkdir.
- ABŞ-nin bu müharibəyə qoşulması ehtimalı haqda nə deyərsiz? Rəsmi Tehran Təl-Əvivin birbaşa Vaşinqtonun diktəsi ilə hücumları həyata keçirdiyini iddia edir. Ağ Evin açıq şəkildə hərbi əməliyyatlara qoşulması ilə bağlı proqnozlar nədən ibarətdir?
- Amerika bu münaqişəyə qoşulmaq istəsəydi, bunu bir qədər tez edərdi. Ağ Ev bacardıqca danışıqlar yolu ilə olan uğurları dəyərləndirməyə çalışır. Çünki bu hadisələrdən sonra atəşkəs elan edilsə və nüvə proqramı ilə bağlı qərarlar qəbul olunsa da, bu hadisələr İran üçün nəticəsiz bitməyəcək.
İran daxilində daha maraqlı və ya dramatik proseslərin başvermə ehtimalı var. Yəni kənar müdaxiləsiz də İran cəmiyyətində dinamik proseslərin baş qaldıracağı ehtimal olunur. Baş verənlərə görə günahkarın daxildə axtarılması prosesi davam edəcək.
- ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına İranın hücum cəhdlərini necə dəyərləndirirsiniz?
- Bunlar sadəcə qarşılıqlı təhdiddir. Tramp Administrasiyasının “Tehranı boşaldın”, "İran təslim olsun" çağırışlarından sonra rəsmi Tehran tərəfindən də “əlimiz çata biləcək qədər yaxınlıqda yerləşən Qətərdə, Bəhreyndə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, İraqda, Suriyada və digər bölgə ölkələrindəki Amerika hərbi bazalarını vura bilərik” kimi mesajlar verilir.
Amma İran da başa düşür ki, belə bir hücum ABŞ-ni hərbi əməliyyatlara qoşmaq deməkdir. Bu, ABŞ-nin təhlükəsizlik doktrinasında da öz əksini tapıb. Belə olan halda Trampın Konqresdən icazə almağa və yaxud qanun layihəsi göndərməyə ehtiyacı qalmır.
Çünki Amerika əsgərinə və vətəndaşına təhlükə varsa, prezident hərəkətə keçib 48 saatdan sonra Konqresə bununla bağlı məlumat vermək səlahiyyətindədir. Belə bir konfiqurasiya olduğu halda İranın belə addım atması ehtimalı azdır.
- Bəs, sizcə, Çinin İranla bağlı planlarına nə daxildir? İddialar var ki, rəsmi Pekin İranda olan investisiyalarını təhlükə altına düşməsinə imkan verməyəcək və prosesə müdaxilə edəcək...
- Nə qədər qəribə görünsə də, İran ətrafında vəziyyətin gərgin qalması əslində rəsmi Pekinə sərf edir. Çünki ABŞ Administrasiyasının əsas hədəfi Uzaq Şərqlə, Sakit okean hövzəsi ilə bağlıdır. İran ətrafındakı vəziyyət Amerikanın Sakit okean planlarını ertələməsinə səbəb olur. Bu da Çinin işinə yarayır.
Təbii ki, İran Çinin əsas tədarükçülərindən biridir. Pekin Tehrandan ucuz qiymətə neft alır. Çinin İranda müəyyən səviyyədə investisiya layihələri də var. Bunun fonunda isə sanksiyalar altında olan İran Çin aldığı neftin dəyərini bəzən mal və xidmətlərlə ödəyir.
Belə bir xəbər yayıldı ki, ÇinİN 3 təyyarəsi hansısa formada İrana yardım aparıb. Bununla belə, Çinin İran-İsrail qarşıdurmasında tərəf olması ehtimalı azdır. Rusiya-Ukrayna müharibəsində belə Çin tərəf deyil. Pekin Moskvaya və Kiyevə ayrı-ayrılıqda dron satmaqla məşğuldur. Belə vəziyyətlərdə ticarəti güclü olan ölkələr daha çox pul qazanmağı düşünürlər. Siyasi vəziyyəti bir qədər arxa plana keçir. Üç böyük dünya dövlətə, - ABŞ, Rusiya və Çinə bu kimi qarşıdurmalar sərf edir.
- Sizcə, İran-İsrail qarşıdurması hansı qlobal şoklar yarada bilər? Neftin qiymətinin bahalaşması davam edir. Tehran Hörmüz boğazını bağlayarsa, nə baş verə bilər?
- Hazırda aparılan danışıqlarda əsas mövzulardan biri məhz Hörmuz boğazı ilə bağlıdır. Əgər İran Hörmüz boğazını bağlamaq istəsəydi, artıq 6-cı gündür hərbi əməliyyatlar gedir, bu müddətə çoxdan addım atmış olardı. Görünən odur ki, tərəflər arasında alış-veriş predmetlərinin biri də budur. Bunun fonunda isə birjalarda neftin və qızılın qiymətləri özünü qəribə aparır.
Yaxın Şərq qan çanağına dönüb, bu qədər böyük hücumlar, qarşılıqlı raket zərbələri baş verir. Amma həftə başlayandan neftin qiymətində ciddi dəyişiklik yoxdur. Əksinə neftin qiymətində bu gün ərzində 0,6 faiz ucuzlaşma baş verib. Eyni prinsip qızıla da aiddir. Bu da çox qəribə tendensiyadır. Çünki bu tipli gərginliklər zamanı neft və qızılın qiyməti özünü artımla göstərir.
Qızıl güvənli liman kimi investorları cəlb edir və onlar digər aksiyalardan, səhmlərdən çıxıb ona yönəlirlər. Neftin dünya bazarına çıxarılması təhdidi yaranan kimi isə onun qiyməti kəskin şəkildə artır.
İndi isə birjalarda elə də gərginlik yoxdur, rutin bir vəziyyət hökm sürür. Bu da birjalar və bazar oyunçularının yaxın saatlarda, yaxın günlərdə hansısa bir anlaşmanın olacağına inamından xəbər verir. Sözsüz ki, Hörmüz boğazı bağlansa, bu, ciddi problem yaradar.
Dünya neft ticarətinin dörddə birə yaxını Hörmüz boğazından tankerlər vasitəsi ilə dünyaya çatdırılır. Bu, qısa müddət olsa da neftin qiymətinə təsir göstərə bilər. Hətta neftin 100 dollara qədər bahalaşması da mümkündü. Təbii ki, bu cür qiymət artımları qalıcı deyil və zaman-zaman buna oxşar hadisələr yaşanıb. Misal üçün, pandemiya dövründə neftin qiyməti bir günlük də olsa mənfi zonaya düşmüşdü. 20 dollaracan eniş baş vermişdi. Sonradan vəziyyət düzəldi.
Ona görə də belə qiymət dəyişikliyi keçici xarakterə malikdir. Qalıcı olaraq belə bir hal az qala bütün bölgə dövlətlərinin müharibəyə başlaması fonunda gözlənilə bilər.