AZ

“Azərbaycan heç bir dövlətə qarşı ərazilərindən istifadə etdirməyəcək” – ÖZƏL

Şuşada keçirilən "Yeni dünya nizamı" adlı konfransa videomüraciət edən Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, qlobal miqyasda geosiyasi gərginliyin artdığı bir dövrdə dövlətlərin suverenliyi və müstəqilliyi prioritet məsələ olaraq qalır. Prezident qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə beynəlxalq hüquq normalarını və ədalət prinsipini qətiyyətlə müdafiə etdiyini xatırladıb. Dövlət başçısı əlavə edib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan müstəqil siyasi xəttini davam etdirərək yeni dünya düzənində fəal və prinsipial mövqe nümayiş etdirir.

"Prezidentin çıxışında bu məsələ açıq şəkildə ifadə olunur ki, biz suveren bir dövlətik və öz suverenliyimizi öz gücümüzlə bərpa etmişik. 30 il işğal altında olan ərazilərimizin azad olunmasında əsas rol mənəvi dəstək yox, məhz bizim öz hərbi gücümüz olub. Əgər bu mənəvi dəstəyi nəzərə almasaq, heç bir ölkə bizə əslində yardım etməyib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan öz ərazilərindən üçüncü dövlətlərə qarşı təzyiq və ya hücum üçün istifadə edilməsinə yol verməyəcək - bu, ölkənin dəyişməz və birmənalı siyasətidir:

"Biz başqa ölkələrdən aldığımız silahlarla, həmin silahların verdiyi üstünlüklərlə 44 günlük müharibəni qazandıq, birgünlük əməliyyatla da ərazilərimizi tam azad etdik. Bununla da sübut etdik ki, biz müstəqil və suveren bir dövlətik.
Bugünkü regional proseslər fonunda Prezident qeyd edir ki, regionda çox ciddi hadisələr baş verir və Azərbaycanın üzərinə hər tərəfdən təzyiqlər gəlir - məsələn, niyə filan ölkəyə yardım etmirsən, niyə dəstək vermirsən və ya niyə hava və quru sahələrini açmırsan və s. Bütün bunların arxasında məqsəd var. Azərbaycan balanslaşdırılmış və düzgün siyasət aparır və heç bir dövlətlə düşmən münasibətində deyil. Yalnız bir dövlət - Ermənistan bizim üçün düşmən olub, çünki bizim torpaqlarımızı işğal etmişdi və biz də onları öz gücümüzlə geri qaytardıq. Bu gün isə Ermənistanla normal münasibətlər qurmaq niyyətindəyik. Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq, biz heç bir dövlətin bizim ərazilərimizdən istifadə edib üçüncü bir dövlətə qarşı müharibə aparmasına, qan tökməsinə şərait yaratmaq niyyətində deyilik. Bu, Azərbaycanın birmənalı və dəyişməz siyasətidir. Təbii ki, bu siyasətə görə bizə qarşı müəyyən təzyiqlər və dezinformasiyalar var. Sosial şəbəkələrdə və müxtəlif ölkələrin media platformalarında Azərbaycana qarşı yalan məlumatlar yayılır. Amma Azərbaycanın yeganə və açıq siyasəti budur: bizim ərazilərimizdən heç bir üçüncü dövlətə qarşı təzyiq və ya hərbi əməliyyat həyata keçirilməyəcək. Azərbaycan bu siyasətinin arxasında dayanır".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan regionda sülh və dialoq platformaları təklif edərək həm beynəlxalq imicini gücləndirir, həm də İran-İsrail kimi münaqişələrdə balanslı vasitəçi rolunu oynamağa çalışır.

"Regionda yaranan yeni platformalar və dövlətlər arasında baş verən münaqişələrin müzakirə edilməsi üçün Azərbaycanın təşəbbüs göstərməsi həm ölkənin beynəlxalq imicinə, həm də dünya siyasətindəki roluna müsbət təsir edir. Necə ki, bu gün Türkiyənin İstanbul şəhəri belə münaqişələrin müzakirəsi və sülh prosesləri üçün platforma rolunu oynayırsa, Azərbaycan da bu cür təşəbbüslərlə çıxış edir və bu da ölkəmizin müstəqil və dostluğa əsaslanan siyasətinin göstəricisidir. Bugünkü regional vəziyyət, xüsusilə də İran-İsrail münaqişəsi fonunda Azərbaycanın mövqeyi əhəmiyyətlidir. İran bizim canlı qonşumuzdur və bu səbəbdən biz bu məsələdə də öz mövqeyimizi bildirməliyik. Təklif edilən sülh platforması çərçivəsində Azərbaycan bu münasibətlərdə də vasitəçi və balanslı mövqe nümayiş etdirməyə çalışır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr