AZ

"ABŞ prezidenti G7 birliyinə sarsıdıcı zərbə vurub" - "Bloomberg"

 
"Trampın davranışı və Ukrayna məsələsindəki mövqeyi G7 sammitində parçalanmaya səbəb oldu..."
 
Kanadada baş tutan və dünyanın aparıcı demokratik dövlətlərini bir araya gətirən G7 sammiti bu dəfə qlobal problemləri müzakirə etmək əvəzinə, siyasi xaos və fikir ayrılıqları ilə yadda qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bunun başlıca səbəbi  ABŞ prezidenti Donald Trampın davranışları və sərt mövqeləri olub.
 
Tramp sammitin ruhunu pozdu
 
Alberta vilayətindəki dağ kurortunda keçirilən sammit əvvəlcə konstruktiv və strateji fikir mübadiləsi üçün nəzərdə tutulsa da, Trampın tədbiri vaxtından əvvəl tərk etməsi və digər liderlərlə gərgin dialoqu işlərin axarını dəyişib. Xüsusilə Fransa prezidenti Emmanuel Makronla İsrail-İran atəşkəsi mövzusunda yaranan qarşıdurma diqqət çəkib. ABŞ prezidenti bu mövzuda sülhə çağırışlardan yayınaraq G7-nin yekun mövqeyini zəiflədib.
 
Sammitin əvvəlində Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya və Kanada liderləri, o cümlədən Avropa İttifaqı təmsilçiləri bir sıra qlobal məsələləri - süni intellektin etik tənzimlənməsi, iqlim dəyişikliyi, miqrasiya, yanğınlarla mübarizə və kritik mineralların təhlükəsiz təchizatı məsələlərini müzakirə etməyə hazır olub. Lakin Trampın gözlənilməz addımları nəticəsində əsas diqqət birlikdən çox ixtilaflara yönəlib.
 
Ukrayna məsələsində ABŞ maneəsi
 
G7 sammitinin ən kritik mövzularından biri də Ukraynaya dəstək və Rusiyaya qarşı mövqe məsələsi olub. Altı ölkə sərt bəyanatla çıxış etməyə hazır olsa da, ABŞ-ın daha yumşaq mövqe tutması ümumi qərarın qəbuluna mane olub. Xüsusən də Trampın Rusiya prezidenti Vladimir Putinə simpatiyasını gizlətməməsi və sanksiyaların sərtləşdirilməsinə dair qeyri-müəyyənliyi sammitdə ümumi bəyanatın qəbulunu qeyri-mümkün edib.
 
Nəticədə Ukrayna ilə bağlı konsolidasiya olunmuş mövqe açıqlanmayıb. Kanada baş naziri Mark Karni isə G7 sədri kimi ayrıca bəyanat yayaraq Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və ABŞ-ın rəhbərliyi ilə sülh təşəbbüslərini dəstəkləyəcəyini bildirib. Prezident Zelenski sammitdə iştirak etsə də, Trampla görüşə bilməyib.
 
G7-nin gələcəyi sual altındadır
 
Trampın sammiti vaxtından əvvəl tərk etməsi və bir sıra ticarət danışıqlarını pozması, hətta Rusiyanın və ya Çinin G7-yə qatılması fikrini irəli sürməsi Avropa liderlərini narahat edib.
 
ABŞ-ın əvvəlki liderlik rolunu daha da zəiflətməsi qalan üzvləri alternativ yollar axtarmağa vadar edir. Əldə olunan razılaşmalar süni intellekt, iqlim dəyişikliyi və immiqrasiya kimi sahələri əhatə etsə də, əsas geosiyasi məsələlərdə birlik görüntüsü çatışmayıb.
 
Beləliklə, Kanadada keçirilən 2025-ci ilin G7 sammiti dünya liderləri arasında dərin fikir ayrılıqlarını üzə çıxarıb. Donald Trampın təcridçi və qeyri-sabit davranışları Qərb alyansının birliyini sual altına alıb. G7 artıq köhnə modeldə fəaliyyət göstərə bilməyəcəyini anlayır və liderlər ABŞ-dan asılı olmadan yeni yanaşmalar axtarmağa başlayırlar.
Seçilən
12
moderator.az

1Mənbələr