AZ

Rusiyada Azərbaycana qarşı silsilə təxribat: Solovyov yenə efirdə

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib. 

Rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib. İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə yönəlik çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emossional nitq söyləyib və nitqində bir neçə dəfə “Artsax” deyərək Qarabağda ləğv edilmiş qondarma rejimin adını çəkib. Solovyov ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib. 

Solovyov tərəfindən Azərbaycana qarşı belə təxribatlar dəfələrlə törədilib. O, vaxtaşırı gah üzr istəməklə, gah da Bakıya səfər etməklə əməlindən peşman olduğunu, guya Azərbaycana dost münasibət göstərdiyini nümayiş etdirməyə çalışsa da, ermənipərəst mövqeyindən əl çəkə bilməyib. 

Hamı onu Azərbaycan əleyhinə şovinist baxışları ilə tanıyıb. Vladimir Solovyovun efir məkanından Azərbaycana qarşı “informasiya müharibəsi” aparması birinci dəfə deyil. O, heç vaxt Azərbaycanın dostu olmayıb və ermənilərin maraqlarına uyğun çıxış edib. 44 günlük müharibə vaxtı erməniləri öz proqramına çıxarıb Azərbaycana qarşı ittihamlar yağdıran V.Solovyov jurnalist maskası altında gizlənsə də, heç vaxt tərəfsizlik nümayiş etdirməyib. 

Ekspert adı altında erməni millətçilərini efirə dəvət edən Solovyov daim Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə bəraət qazandırıb. 2020-ci il oktyabrın 18-də, yəni İkinci Qarabağ müharibəsinin ən şiddətli günlərində V.Solovyovun öz verilişində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan təxribatı hər kəsin yaxşı yadındadır. 

O, Ermənistanın işğal etdiyi torpaqların Azərbaycan ərazisi kimi göstərilmədiyi xəritə yayımlamışdı. Bununla da Solovyov işğalın nəticələrini legitimləşdirməyə çalışmışdı. Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı bənzər hallar sonralar da təkrar olunub. Vladimir Solovyov 2022-ci ildə separatçı rejimin qondarma xarici işlər naziri, hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan David Babayanı “Соловьев Live” proqramına dəvət etmişdi. 

Rəsmi Bakının etirazından sonra Solovyov Azərbaycandan üzr istəmişdi. Amma Solovyov yenidən “Artsax” ifadəsini işlətməklə Azərbaycandan üzr istəməkdə səmimi olmadığını və erməni separatçılarına rəğbət bəslədiyini dolayısı ilə ifadə edir. Görünür, o, Paşinyanın hakimiyyətdən getməsi ilə Azərbaycan ərazilərini vaxtilə işğal edən revanşistlərin yenidən Ermənistanda hakimiyyətə qayıdacağına dair xəyallar qurur. 

Solovyovun bu təxribatlçı açıqlamaları həm də son günlər Rusiyadan səslənən bir sıra şovinist məlumatlarla üst-üstə düşür. Elə Solovyovun fəaliyyət göstərdiyi “RİA Novosti” informasiya agentliyinin rəsmi Moskvanın Azərbaycandan Krımı və digər işğal edilmiş Ukrayna ərazilərini Rusiyanın tərkib hissəsi kimi tanımaq tələbi ilə bağlı xəbər yaymasının, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasının ardınca baş verən bu hadisə təsadüfi deyil. Yəni Solovyovun dedikləri Azərbaycana yönəlik silsilə siyasi təhdidlərin və informasiya savaşının tərkib hissəsidir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Rusiya Azərbaycan təxribat Solovyov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr