“Nümunə kimi Gürcüstanı götürsək, kazinoların qonşu ölkə iqtisadiyyatındakı payı təqribən yarım milyard dollara yaxındır. Təxminən 24 minə yaxın insan da bu sahədə birbaşa və dolayı yolla çalışır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu sahədə qadağanın tətbiqi onsuz da mənasız idi:
“Kazinolara münasibət dünyanın hər yerində birmənalı deyil. Buna normal baxanlar da var, əleyhinə olanlar da. Amma qadağalarla belə tipli məsələlərin həlli dünyanın heç bir yerində mümkün olmayıb. Siz öz ölkənizdə qadağan edəcəksiniz, bəxtini sınamaq istəyən başqa ölkəyə gedəcək.
Necə ki, bizim bu qəbildən olan vətəndaşlar Gürcüstana, Kiprə gedirdilər. Ona görə də mən həmişə bunun tərəfdarı olmuşam ki, nəyisə qadağan etməkdənsə, onu doğru-dürüst tənzimləyib idarə etmək daha yaxşıdır. Azərbaycanda da belə qadağaların aradan qalxması və kazinoların fəaliyyətinə ən azından bəlli bir yerdə icazə verilməsi normaldır. Nümunə kimi Gürcüstanı götürsək, kazinoların qonşu ölkə iqtisadiyyatındakı payı təqribən yarım milyard dollara yaxındır.
Təxminən 24 minə yaxın insan da bu sahədə birbaşa və dolayı yolla çalışırlar. Kazinonu tək kazino olaraq dəyərləndirmək olmaz. Burada otel, restoran və kafeləri də nəzərə almaq lazımdır. Deməli kənd təsərrüfatı məhsullarının istehsalçılarından tutmuş, təmizlik xidmətinə qədər onlarla, yüzlərlə işçiyə ehtiyac yaranır ki, bu da iş yerlərinin yaranmasına da kömək edir”.
Ekspert qeyd edib ki, kazino sahəsi Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək:
“Azərbaycanda doğru-düzgün tənzimləmə mexanizmləri yaradaraq, bu işi tətbiq etməklə, həm büdcəyə, həm turizmə, həm də iş yerlərinin yaradılmasına müsbət təsirləri ola bilər. Belə olan halda, kazino sahəsinin Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcəyini düşünürəm.
Əslində kazinoya kazino kimi pul qoyanların sayı o qədər çox olmur. Buna kompleks baxmaq lazımdır. Bu istirahət, əyləncə mərkəzi olmalıdır. İstirahət və əyləncə mərkəzi kimi fəaliyyət göstərsə, müəyyən güzəştlərin tətbiqi mümkündür. Bəzi ölkələrdə kazinonu vergi ilə yox, lisenziya ilə tənzimləyirlər. Kazinonun açılmasına yüklü miqdarda lisenziya pulu verirsən və hər stola, oyun aparatına görə ayrıca lisenziya alırsan. Vergilər isə çox az olur. Yaxud bütün biznes sahələrində olduğu kimi ya dövriyyədən, ya da gəlirdən vergi tətbiq edirsən”.
Nazim Hacıyev
Telegram kanalımız