ain.az, Avtosfer saytına istinadən bildirir.
İran cəmiyyətində illərdir davam edən siyasi və sosial narazılıqlar, ölkədə baş verən hər yeni hadisədə yenidən alovlanır. Bu etirazlar baş qaldırdıqca, Qərbdə xüsusilə də ABŞ-da yaşayan mühacirlər, o cümlədən Pəhləvi sülaləsinin son varisi Rza Pəhləvinin oğlu səhnəyə çıxır və xalqı rejimə qarşı birləşməyə çağırır. Çünki keçmişdə Pəhləvi rejiminin də azadlıq və bərabərlik baxımından böyük çatışmazlıqları olub.
Digər tərəfdən, İranın dini rəhbərliyinə qarşı narazılıqlar artıq təkcə siyasi deyil, həm də etnik və sosial təbəqələr arasında daha da dərinləşib. Bəzi müxalif fikirlər isə belə düşünür ki, əgər molla rejimi devrilərsə, onu əvəzləyəcək quruluş xalqın deyil, Qərbin maraqlarını təmin edən bir alternativ ola bilər. Bu məqamda Rza Pəhləvinin ABŞ və İsraildə siyasi dəstəklərlə çıxış etməsi, bu ehtimalı daha da gücləndirir.
Hazırda isə vəziyyət daha da mürəkkəbləşib. İran və İsrail arasında hərbi gərginliyin artdığı, Pəhləvinin oğlu iranlılara üsyan çağırışı edir. Eyni vaxtda ABŞ prezidenti Donald Trampın Ayətullah Əli Xameneinin guya sığınacaqda gizləndiyini iddia etməsi isə vəziyyəti daha da gərginləşdirir.
Sizcə belə bir vəziyyətdə İranın Ali dini lideri nə etməlidir? Onun da sonu Bəşər Əsəd kimi ola bilərmi?
Mövzu ilə bağlı “Atlas Araşdırmalar Mərkəzinin” rəhbəri Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, hər dəfə İranda hansısa hadisə baş verəndə, hökumətə, hakimiyyətə qarşı etirazlar baş qaldıranda Amerikada yaşayan və sığınacaq alan Pəhləvi, ortaya çıxır və iranlılara çağırışlar edir ki, hakimiyyət devrilsin:
“İranda, ola bilsin, bir qrup Pəhləviylə bağlı nostalji yaşasın, amma Pəhləvinin hakimiyyətə gəlməsinin ehtimalı çox da böyük deyil. Düşünür ki, əgər Ali dini lider ortadan qaldırılsa, İran xalqı Pəhləvinin oğlunu yenidən hakimiyyətə gətirəcək.
Amma İranda yaşayan müxtəlif millətlərin nümayəndələri Molla rejimindən o qədər narazı deyilləri ki, onun əvəzinə Pəhləvi kimi sülalənin təmsilçisini yenidən gətirəcəklərsə, onların da Molla rejimindən çox böyük fərqi yoxdur.
Müxtəlif millətlər o zaman da təzyiqlərə məruz qalırdı, təqiblər var idi. İranda hətta İslam İnqilabından qabaq da bu hallar baş verirdi, sonra isə daha dəhşətli oldu. Amma indi Pəhləvi öz tərəfdarlarına çağırış edir ki, İrandakı etirazlar dalğası artsın”.
Elxan Şahinoğlu əlavə edib ki, ola bilsin, ABŞ-də və Qərbdə Pəhləviyə üstünlük verənlər də var:
“Pəhləvi Amerikada olmasına rəğmən, müxtəlif ölkələrdə, konfranslarda iştirak edir. İsrailə də gedib. Ola bilsin ki, Pəhləvi kimi birisinin hakimiyyətə gəlməsi ABŞ və ya İsrailin maraqlarına cavab versin. Amma bu, ABŞ və İsrailin istəyi ilə asılı olmaya da bilər. Baxmayaraq ki, Amerika və İsrail İrandakı Molla rejiminə dağıdıcı zərbələr endirir, amma son sözü hakimiyyət dəyişikliyinə İran xalqının içində yaşayan millətlər deyəcək.
Onlar isə hətta Ali dini lider ortadan qaldırılsa belə, Pəhləvi nəslinə üstünlük verəcəklərini düşünmək səhv olar. Amma yenə də İranda və Qərb ölkələrində Pəhləvinin tərəfdarları olduğuna vurğulamaq lazımdır”.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.