AZ

Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın!

Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, faktlar təqdim edərək institutu sənədləri saxtalaşdırmaqda ittiham edib.

Publika.az iddialarla bağlı Tarix və Etnologiya İnstitutu ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Günel Aslanlının iki il bundan əvvəl olmuş hadisə haqqında yazdıqlarının heç biri həqiqəti əks etdirmir: “Antiplagiat proqramından çıxarışa hər hansı bir müdaxilə qeyri-mümkündür. Çıxarışdan aydın olur ki, 2-ci oxşarlıq əmsalı 20 faiz təşkil edir. Ən yaxşı halda, 5 faizədək ola bilər”.

Günel Aslanlı məsələ ilə bağlı yenidən Publika.az-a danışıb. O bildirib ki, institutun iddialara cavabı mövcud problemin üstünü örtmək cəhdindən başqa bir şey deyil.

“Çünki məsələ hələ də açıqdır, hüquqi proses davam edir və mənim təqdim etdiyim sübutlar istənilən rəsmi qurumda hüquqi qiymət ala biləcək qədər əsaslıdır. Ən önəmlisi budur: institutun mətbuata təqdim etdiyi sənədlərin özü problemin sübutudur. Mənə təqdim olunmuş sənəd guya “StrikePlagiarism” sistemindən çıxarılıb və işimdə 32% plagiat olduğu iddia olunub. Amma bu sənədin orijinallığı rəsmi şəkildə şübhə altına alınıb. Mən məsələni rəsmi şəkildə araşdıraraq “StrikePlagiarism” platformasının baş ofisi ilə yazışma apardım və cavabda aydın şəkildə bildirildi ki, mənim və digər əməkdaşın – Şəhla Məmmədlinin – işləri eyni gündə, eyni faylda sistemə yüklənib və nəticələr bir sənəddə çıxarılıb. Bu, orijinal sənəddir və yalnız bu əsasda texniki qiymətləndirmə aparıla bilər”.

Alim iddia edir ki, ona təqdim olunmuş, yalnız onun adıma hazırlanmış və 32% plagiat olan sənəd texniki və hüquqi baxımdan saxtalaşdırılıb:

“Bu saxta sənədə əsaslanaraq institutda komissiya yaradılıb, mənim barəmdə birtərəfli qərar çıxarılıb və guya plagiat faktı olduğu rəsmi sənədə yazılıb. Burada cavab tələb edən açıq suallar var: əgər iki nəfərin işi eyni sənəddə sistemə yüklənibsə, mənim adıma ayrıca sənəd kim tərəfindən hazırlanıb? Bu sənəd kim tərəfindən sistemə daxil edilib? Nəyə əsasən mənim barəmdə plagiat iddiası irəli sürülüb və hansı hüquqi mexanizmlə bu qərar qəbul edilib? Bu günə qədər institut rəhbərliyi bu suallara bir dəfə də olsun konkret cavab verməyib. Əvəzində ümumi və arqumentsiz cümlələrlə “iddialar əsassızdır” deyə açıqlama verilir. Bu isə nə hüquqi cəhətdən, nə də akademik etikaya uyğun şəkildə qəbul edilə bilməz”.

Seçilən
1
1
publika.az

2Mənbələr