AZ

Bu sular gündəlik istifadə üçün nəzərdə tutulmayıb - EKSPERT

İçməli su insan sağlamlığının ən vacib tələblərindən biridir. Lakin bəzən rəngi, dadı və iyi olmayan su belə keyfiyyət göstəricilərinə cavab verməyə bilər. Əhalinin böyük hissəsi adi kran suyu və ya qablaşdırılmış sular istifadə edir, lakin suyun tərkibi və istehlak qaydaları barədə kifayət qədər məlumatlı olmur. 

Məsələ ilə bağlı su problemləri üzrə ekspert Rövşən Abbasov Modern.az-a açıqlamasında bildirib ki, içməli sudan danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, bu su laboratoriya analizlərindən keçməsə belə şəffaf, rəngsiz, dadsız və iyssiz olsun. Onun sözlərinə görə, təmiz içməli suda heç bir qoxu, rəng və dad hiss olunmur. Bu səbəbdən belə su keyfiyyətli içməli su hesab edilir:

“Bundan əlavə, belə suların tərkibində ağır metallar və zərərli maddələr olmamalıdır. Suyun minerallar baxımından balanslı olması vacibdir - kalsium və maqneziumun ümumi miqdarı normanı aşmamalıdır. Suyun turşuluq dərəcəsi (pH) isə adətən 6,5–7,5 aralığında, bəzi hallarda isə 6,5–8 səviyyəsində qəbul edilir. pH səviyyəsi bu sərhədlərdən nə aşağı, nə də yuxarı olmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda içməli su ciddi dövlət nəzarətindən keçirilir:

“Xüsusilə, iri şəhərlərdə şəbəkəyə verilən su mütləq laboratoriya yoxlamalarından keçir. Lakin bir problem də mövcuddur ki, su təmiz halda şəbəkəyə verilsə də, binalara çatana qədər köhnə və ya zədələnmiş borular səbəbindən tərkibində dəyişikliklər baş verir. Xüsusilə də kalsium və maqnezium ionlarının səviyyəsi artır ki, bu da suyu “cod” edir”.

R.Abbasov həmçinin vurğulayıb ki, mineral bulaq sularına gəlincə - Badamlı, Sirab kimi məşhur bulaqların suları - bu cür suları daim içmək tövsiyə edilmir. Çünki minerallarla zəngin bu sular müalicəvi məqsədlidir və gündəlik istifadə üçün nəzərdə tutulmayıb:

“Tösiyə olunandır ki, vətəndaşlar gündəlik olaraq adi təmiz su içməyə üstünlük versinlər. Yetkin insan üçün gündəlik su norması orta hesabla 2–2,5 litr təşkil edir. Üstəlik, suyun temperaturu da önəmlidir. Soyuq su orqanizm üçün faydalı sayılmır, bu səbəbdən suyu ilıq və ya isti halda içmək daha məqsədəuyğundur. Hətta bəzi hallarda çay əvəzinə isti su içmək məsləhət görülür”.

Aytac Bəhruzqızı

Seçilən
8
2
modern.az

3Mənbələr