Ağdamın "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu üçün uzaq səfər gözləyir.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcəklər.
Bu isə o deməkdir ki, futbolçularımız təxminən eyni coğrafi məkanda yerləşən İrlandiya və ya Şimali İrlandiyaya 4500 km yaxın məsafə qət etməlidirlər.
İlk oyun iyulun 22-də və ya 23-də səfərdə olacaq.
Adıçəkilən klublardan "Linfild" azərbaycanlı futbol azarkeşlərinə tanışdır. Belə ki, "Qarabağ" 2019/2020 mövsümündə UEFA Avropa Liqasının pley-offunda məhz "Linfild"i üstələyərək qrup mərhələsinə adlayıb. Özü də Ağdam təmsilçisi səfər qolu, uzatma dəqiqələrində vurulan qol sayəsində bu uğura nail olub: 2:1; 2:3.
Həmin mövsüm "Qarabağ" İrlandiya təmsilçiləri ilə ilk və hələlik yeganə oyunu keçirib. Söhbət Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dandolk"la görüşdən gedir. Bu qarşılaşmada komandamız çətinlik çəkmədən (3:0; 1:1) mərhələ adlayıb.
1886-cı ildə yaradılan "Linfild" 57 dəfə Şimali İrlandiya çempionu olub, 44 dəfə ölkə kubokunu qazanıb. 130 yaşlı "Şelburn" isə cəmi 14 dəfə çempionluq sevinci yaşayıb.