2025-ci il 1 may tarixinə olan vəziyyətə əsasən, Azərbaycanda iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı açıqlanıb.
Valyuta.az xəbər verir ki, işçilərin sayına görə ölkədə ən böyük məşğulluq sahəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi olaraq qərarlaşıb. Bu sektorda ümumilikdə 331,7 min nəfər çalışır. Onlardan 328,4 min nəfəri qeyri-dövlət, cəmi 3,3 min nəfəri isə dövlət sektorunda fəaliyyət göstərir.
İkinci yerdə təhsil sahəsi qərarlaşıb. Bu sektorda ümumilikdə 328,1 min nəfər işlə təmin olunub. Onlardan 309,9 mini dövlət, 18,2 mini isə qeyri-dövlət sektorunda çalışır.
Əhalinin məşğulluq baxımından üçüncü ən böyük sahəsi isə səhiyyə və sosial xidmətlər sektorudur. Bu sahədə 151,4 min nəfər işlə təmin olunub - 121,4 min nəfər dövlət, 30 min nəfər isə qeyri-dövlət qurumlarında fəaliyyət göstərir.
Dördüncü yerdə emal sənayesi gəlir. Bu sahədə 134,5 min nəfər çalışır. Onların 116,9 mini qeyri-dövlət, 17,6 mini isə dövlət müəssisələrində fəaliyyət göstərir.
Tikinti sektoru beşinci yeri tutub. Bu sahədə 117,6 min nəfər çalışır - 93,3 min nəfəri qeyri-dövlət, 24,3 min nəfəri isə dövlət sektorunda çalışır.
Siyahını dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsi tamamlayır. Burada ümumilikdə 112,0 min nəfər işlə təmin olunub. Onlardan 108,2 mini dövlət, 3,8 mini isə qeyri-dövlət sektorunda çalışır.
Sərvanə Rəmixanova