AZ

“Azərbaycan artıq Rusiya üçün əlçatmazdır” – Elçin Xalidbəyli – ÖZƏL

Rusiyanın "Rossiya 1" dövlət kanalında yayımlanan verilişlərin birində tanınmış aparıcı Vladimir Solovyov yenidən Azərbaycana qarşı qərəzli və təxribat xarakterli ifadələr işlədib. O, efirdə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alaraq qondarma "Artsax" ifadəsinə yer verib. Bu çıxış bir daha göstərir ki, bəzi rus mediası nümayəndələri regionda sülh və sabitliyə deyil, gərginliyin alovlandırılmasına xidmət edən ritorikadan əl çəkmirlər.

"Rusiya mətbuatında, xüsusilə də bəzi telekanallarda Azərbaycana qarşı qərəzli yanaşma hər zaman mövcud olub. Bu tendensiya bu gün də davam edir. Məsələn, Vladimir Solovyov açıq şəkildə Azərbaycanın düşməni mövqeyindən çıxış edir.
Lakin bütün bunlar artıq əhəmiyyətini itirib, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti və genişlənən strateji tərəfdaşlıqları Rusiyanın və Qərbdəki dairələrin iflasa uğramış erməni layihəsini nəticəsiz və mənasız hala gətirib:

"Rusiyanın və Qərbdəki bəzi dairələrin ortaq erməni layihəsi iflasa uğrayıb və bu layihənin yenidən bərpa olunması ehtimalı yoxdur. Bu baxımdan, Rusiya KİV-lərinin və bəzi telekanalların Azərbaycana qarşı qərəzli mövqeyi nə reallığa uyğundur, nə də hansısa nəticə verə bilər.
Rusiyada, o cümlədən Kreml dairələrində Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ciddi narahatlıq doğurur. Kremldə artıq anlayırlar ki, Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb və Rusiya üçün əlçatmaz hala gəlib. Azərbaycanın strateji tərəfdaşları artıq Rusiyanı qane etməyən dövlətlərdir. Məsələn, Türkiyə və Pakistan Azərbaycanın strateji müttəfiqləridir. Eyni zamanda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşıdır. Azərbaycan həmçinin Çinin də strateji tərəfdaşıdır. Bu siyahını daha da genişləndirmək mümkündür".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın müstəqil və çoxvektorlu siyasəti Kremlin narahatlığını artırır və bu da Rusiyanın Azərbaycana qarşı qərəzli ritorikasını gücləndirir.

"Azərbaycan çoxvektorlu siyasi kurs yürüdür. Ölkə müxtəlif istiqamətlərdə öz maraqlarına uyğun addımlar atır. Bu da Rusiyanı ciddi şəkildə narahat edir. Kreml düşünür ki, Azərbaycan bu siyasəti davam etdirdikcə onu yenidən təsir dairəsinə salmaq mümkün olmayacaq. Əgər Azərbaycan nəzarətdən kənarda qalarsa, bu, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə zəiflədəcək. Məhz bu səbəbdən Azərbaycana qarşı qərəzli və böhtan xarakterli ritorika davam edir. Solovyov və onun kimilər Kremlin əhval-ruhiyyəsinə uyğun davranır, eyni zamanda erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərirlər. Bu dəstək hesabına Azərbaycana qarşı əsassız ittihamlar və böhtanlar səsləndirilir. Lakin rəsmi Bakı və ümumilikdə Azərbaycan xalqı bu cür çıxışlardan narahat deyil. Azərbaycan artıq elə bir dövlətdir ki, heç bir qonşu ölkənin təzyiqlərinə və media vasitəsilə aparılan qarayaxmalara boyun əymir. Azərbaycan dövləti bu cür qərəzli mövqelərə adekvat cavablar verməyə davam edir.
Bunun bir çox nümunəsi var. Məsələn, Rus evinin bağlanması ilə bağlı qərar olduqca prinsipial və təqdirəlayiq addım idi. Bütün bu faktlar göstərir ki, Kreml Azərbaycanın müstəqil və suveren mövqeyindən narahatdır. Bu narahatlıq isə Rusiya siyasi dairələrini və Kremlin əlaltılarını Azərbaycana qarşı qərəzli və böhtan xarakterli bəyanatlar verməyə vadar edir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr