Qarabağ: Bir torpaq, iki nəsil, tək yaddaş…
Mən bu yazını yazarkən çöldəki səslərdən xəbərsiz otağın bir küncündə otururam. Qarşımda fincanımda soyuyan çay, telefonumda isə sosial şəbəkələrdə paylaşılmış videolar var — bir ailənin Ağdamda yeni evinə köçməsi, bir uşağın Füzulidə ilk dəfə çiçək əkdiyi an, bir qadının Şuşada pəncərəni açıb nəfəs aldığı o səssiz kadr. Bu sükutda nəsə deyilir. Qışqırılmamış, amma içdən gələn bir səs: “Biz buradayıq. Geri döndük.”
Mən bir jurnalistəm. Gördüyümü yazmalıyam. Amma mən həm də anayam. Hiss etdiyimi də yazıram. Bu torpaqlara qayıdan hər ailədə sanki bir hekayə yox, bir əsr yatır.
Elə bil hər evin divarına əvvəldən görünməz sətirlərlə bir sual yazılıb: “İllərlə yad olan bu yer, indi səninkidirmi?” Bəziləri üçün bəli. Çünki orada uşağın “ana, bu bizim evdir?” sualına qürurla “bəli, balam” cavabı verilir artıq. Və o cavabdan sonra divarlar nəfəs almağa başlayır.
Qarabağda çox şey yenidir: küçələr, məktəblər, binalar.
Bəziləri deyir bu çox tez baş verdi, bəziləri deyir hələ çox iş var. Hər iki tərəf haqlıdır. Amma bir şeyi unutmayaq — insan qayıtmayınca torpaq susur. İnsan gəldi, uşaqlar oynadı, analar pəncərə açdı, qocalar səssiz baxışlarını daşıdı… torpaq o zaman danışmağa başladı.
İllərlə Qarabağı şəkillərdə gördük, xəbərlərdə izlədik, gözümüzdə qurduq. İndi isə o torpaqda biri ocağını yandırır, biri çörək bişirir, biri bulaq başında dua edir. Söz-söz yox, nəfəs-nəfəs yazılır yeni tarix. Mən anayam. Övladım hələ körpədir. Amma mən onun üçün xəyallarıma yer salıram. Bəlkə də bir gün bu yazını oxuyacaq. Və anlayacaq ki, onun doğulduğu ölkə təkcə bina tikmədi – yaraları tikdi, yaddaşı tikdi, kimliyini tikdi.
Bu yazıda təkcə evlərdən danışmıram. Bu yazıda insanların evə qayıdarkən özlərinə də qayıtdıqlarını yazıram. 30 ilin sükutunu bir uşağın “salam, mən burda yaşayacağam” deməsi pozdu. Qarabağda indi təkcə torpaq yox, ruh da bərpa olunur.
Qarabağ – bir torpaq, iki nəsil, tək yaddaşdır. Və biz bu yaddaşdan nəinki keçmirik, biz onu gələcəyə daşıyırıq. Dağlar susur, amma içimiz danışır.
Hər xalqın yaddaşında silinməyən bir iz var. Bəzən o iz dağın ətəyində bir bulaq olur, bəzən bir nənənin dualarında çəkdiyi ah. Bizim üçünsə o iz – Qarabağdır. Bu bir torpaqdır. Amma o torpaq yalnız xəritədəki bir ərazi deyil.
O, çörəyə duz deyən atalarımızın iz qoyduğu, gül açan xalçaların ilmə-ilmə toxunduğu, musiqinin daşa, dağın sinəsinə hopduğu yerdir. Qarabağ – bizim kimliyimiz, səsimiz, nəfəsimizdir.
İki nəsil bu torpağın həsrəti ilə yaşadı. Birincisi, orada doğulub, orada böyüyüb, sonra çətin qərarlarla o torpağı arxada qoymağa məcbur qalanlardır. Onların gözündə qalan son mənzərə ya yanan ev idi, ya da son dəfə dönüb baxdıqları dağ silsiləsi. Amma bu həsrət onların sinəsində kor olmuş bir yanğını söndürmədi. Onlar bu torpağın adını balalarının qulağına oxşayıb dedilər – “Unutma, oğul, Qarabağ bizimdir.”
İkinci nəsil isə həmin balalardır. O torpağın torpağını görməyən, amma xatirələrini əzbər bilən övladlar. Onlar Qarabağı nənənin nağılında, atanın sükutunda, divardakı köhnə fotoda yaşadılar. Və bu yaddaş – təhrif olunmadı. Çünki bu, genetik bir yaddaş idi. Adla yox, duyğuyla ötürülən bir yaddaş.
Bu gün isə tək yaddaş bərpa olunub. Həm yaşlı gözlərin arzusunda, həm də gənc əllərin qurduğu sabahda. Qarabağ indi təkcə bir həsrət yox, bir ümid, bir dirçəlişdir. Biz torpağa geri döndük. Amma yaddaşla – unutmadan, üz çevirmədən, kökü ilə qayıdaraq.
Bu yazı – bir köşədir. Bu köşə təkcə bir qəzetin, saytın küncü deyil. Bu köşə bizim hafizəmizin dərinliyində yerləşən bir ocaqdır. İllərdir söndürmədiyimiz, üstünü kül ilə örtüb qoruduğumuz o alovun işığında yazılır bu sətirlər. Çünki bir torpağın həqiqi sahibi, onu yaddaşında yaşadanlardır. Və o yaddaşla biz bu gün Qarabağı təkcə xatırlamırıq – yenidən qururuq, yaşadırıq, sevirik.
Əfsanə Kamal
Demokrat.az