Qubada içki məclisində dava — Xəsarət alan var
Quba rayonunda içki məclisində yaranan mübahisə cinayət nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 31-də Quba rayonu, Qələdüz kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Natiq həmin gün saat 23:50-də Məmmədlə aralarında yaranmış mübahisə zamanı qəsdən baş nahiyəsindən mişar daşı ilə vurub.
Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, yaşadığı evdə spirtli içki qəbul edib və təxminən saat 23:35-də musiqi səsi gəldiyi üçün evin yaxınlığında olan restorandan gedib:
“4-5 nəfərin yeyib içdiyini gördüm. Onlardan musiqinin səsini azaltmalarını xahiş etdim. Orada olan şəxslər məni təhqir etdi. Mən də həmin şəxsləri təhqir etdikdən sonra restorandan çıxaraq yaşadığım evə gələn zaman arxadan kiminsə qaçaraq mənə tərəf gəldiyini gördüm. Həmin vaxtı arxadan gələn şəxsin məni döyəcəyini düşündüm və özümü müdafiə etmək məqsədi ilə yerdə olan mişar daşını götürərək həmin şəxsə tərəf atdım. Daş həmin şəxsin baş nahiyyəsindən dəydi. Sonra yaşadığım evə gəldim. Həmin vaxt ətrafda kənar şəxs olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, dekabrın 31-də, təxminən saat 11:00-da tanışı Mahirə məxsus katec tipli evə gedib:
“Saat 21:00-da dostlarım ilə birlikdə yemək yeyərək gücləndirici vasitəsi ilə musiqiyə qulaq asdıq. Təxminən saat 23:40-da katecin qonşuluğunda yaşayan Natiq adlı şəxs ora sərxoş halda gəldi, məni və dostum Zeynalı təhqir edərək oradan çıxdı. Bu zaman evə getmək məqsədi ilə sifariş verdiyim taksini qarşılamaq məqsədi ilə yeməkxananın çöl hissəsinə çıxdım. Bu vaxt Natiq yenidən məni söyüb təhqir etməyə başladı və evinin qarşısında olan mişar daşını götürərək onun baş nahiyyəsindən bir dəfə vurdum. Sonra oradan uzaqlaşdım”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Natiq 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az