Həsən Həsənov
“SER Consulting Group”un təsisçisi
Təchizat zənciri sadəcə məhsul və ya xidmət, satınalma deyil. Bu, strateji idarəetmə, əməliyyat çevikliyi, planlama intizamı və maliyyə təfəkkürünün birləşdiyi sahədir. Burada planlamanın düzgün aparılması məhsulun vaxtında istehsal olunmasına, məhsulun keyfiyyəti müştəri məmnuniyyətinə, uyğun alışlar isə maliyyə dayanıqlığına töhfə verir.
Bir şirkətdə təchizatın qiymətləndirmə mexanizmi bu 4 suala cavab verməlidir:
• Bu alış strateji hədəflərlə uzlaşır?
• Alınan məhsul/layihə keyfiyyəti artıracaqmı?
• Əməliyyatlara nə qədər çeviklik gətirəcək?
• Büdcəyə və maliyyə proqnozuna necə təsir edəcək?
Unutmayaq, təchizatın problemi yalnız təchizatçının problemi deyil. O, həm də maliyyənin, əməliyyatların və nəticədə satışın problemidir. Əgər təchizat zənciri strateji deyilsə, şirkət bir müddət sonra xammalda, anbarda, məhsul gecikmələrində və ya keyfiyyətsizliyində bunun əvəzini ödəyir.
Təchizat Zəncirinə Mənim Tərifim:
Təchizat zənciri – ehtiyacın yaranmasından son məhsulun çatdırılmasına qədər olan bütün prosesi planlayan, əlaqələndirən və strateji qərarlarla dəyərə çevirən sistemdir.
· Planlamadır – ehtiyac nə zaman, nə qədər olacaq?
· Logistikadır – kim çatdıracaq, nə vaxt və hansı risklərlə?
· Keyfiyyətə nəzarətdir – gələn məhsul standartlara cavab verir?
· Risk menecmentidir – gecikmələr, tədarükçü çatışmazlığı, təchizat dalğalanmaları necə idarə olunacaq?
· İnnovasiyadır – alternativ təchizatçılar tapmaq, yeni tədarük modelləri qurmaq.
Əgər bu zəncir balanslı işləyirsə, müəssisə təkcə ucuz almır, doğru alır, vaxtında alır, böyüməyə uyğun alır.
Maliyyə şöbəsi – likvidliyi qorumaq istəyir
Əməliyyat – çevik olmaq istəyir
Satınalma – fürsətləri qaçırmaq istəmir
Strategiya – uzunmüddətli tərəfdaşlıqlara yönəlmək istəyir
Bütün bu niyyətlər haqlıdır. Amma bir masa ətrafında toplaşmadıqları halda qərarlar ya gecikir, ya da heç verilmir. Təchizat “ucuz al, gecikməsin, amma keyfiyyətli olsun” təzyiqi altında səmərəsini itirir.
– Planlamaya təsiri azalır
– Operativlik itir
– İdeya və təşəbbüslər tıxanır
– Təchizatçılarla uzunmüddətli əlaqə qurmaq çətinləşir
Əgər bu zəncirdə yalnız “kim ödəyir” sualı əsasdırsa – müəssisə çeviklik, fürsət və keyfiyyət itirir. Təchizat zəncirin nə alacağınla bərabər, kim alacaq, necə alacaq, kim təsdiqləyəcək – bunlar da strateji suallardır.
Deməli, təchizat həm də maraqların bir-birinə dolandığı zəncirdir.
Məsələn: Ödəyənlə alan eyni düşünmür. Təchizat zənciri, maliyyə, əməliyyat və strategiya arasında balans rolunu oynamalıdır. Nə tam azad, nə də tam boğulmuş. Planlamanı pozmayan, maliyyəni iflic etməyən, keyfiyyəti itirməyən bir zəncir qurulmalıdır. Maliyyə nəzarət etməli, amma idarə etməməlidir. Satınalma qərarları planlamaya bağlı şəkildə verilməlidir. Təchizat qərarları KPI-larla ölçülməli, qiymət yeganə meyar olmamalıdır.
Yaxşı təchizat zənciri doğru satınalma, çevik planlama, dəqiq maliyyə təhlili və effektiv əməliyyatın məhsuludur. Onlar həm də sistemli düşüncə ilə formalaşmalıdır.