AZ

Leyla Həsənova: İqlimlə bağlı proseslərdə uşaqlar kənarda qalmamalıdır

Bonn, 18 iyun, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi iqlim sammitində proseslərin quruluşu gənclərin daha yaxşı anlaması üçün daha aydın şəkildə təqdim edildi. İl ərzində COP29 gənc iqlim fəalları üçün məkanlar yaradıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova SB62 çərçivəsində COP30 və COP29 Sədrliyinin birgə keçirdiyi “NDC 3.0 prosesində gənclərin və uşaqların mənalı iştirakı üçün nəsillərarası dialoqun gücləndirilməsi” mövzusunda panel sessiyada söyləyib.

İqlim prosesləri ilə bağlı danışıqlarda və fəaliyyətdə uşaqların rolundan bəhs edən Leyla Həsənova deyib: “Uşaqlar bu proseslərdən kənarda qalmamalıdır. İştirak təkcə məsləhətləşmə və təhsillə kifayətlənməməlidir – eyni zamanda, uşaqlara həssas göstəricilərin yeni NDC-lərdə izlənilməsini əhatə etməlidir. Bu sahədə UNICEF-in təqdim etdiyi alətlər və digər resurslar çox yaxşı başlanğıc nöqtəsidir.

Uşaqların və gənclərin mənalı şəkildə cəlb olunması sadəcə simvolik bir jest deyil – bu, strateji bir zərurətdir. NDC 3.0 prosesi artıq bir çox ölkələrdə başlayıb və bu, sevindiricidir. Lakin COP28-də keçirilmiş Qlobal Baxış (Global Stocktake) aydın şəkildə göstərdi ki, təəssüf ki, 1.5°C yol xəritəsindən kənara çıxmışıq.

Bu kursu yenidən düzəltmək üçün bizə bütöv cəmiyyətin iştirakı tələb olunur və bu yolda gənclərin baxışı, yaradıcılığı və öhdəliyi vacibdir. Öz tərəfimizdən isə, mən və dostum Marcel bu proseslərdə uşaqların və gənclərin mənalı iştirakını təşviq etməyə davam edəcəyik”, - deyə L.Həsənova vurğulayıb.

 

Seçilən
23
azertag.az

1Mənbələr